“Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev akademiyanın U-16 və U-19 komandalarının Tbilisi “Dinamo”su ilə keçirdiyi yoldaşlıq görüşlərini, gənc futbolçuların hazırlığını və akademiyanın gələcək planlarını dəyərləndirib.
Aftandil Hacıyev prosport.az-a müsahibəsində “Qarabağ” futbol akademiyası üçün Suraxanıda ayrılması nəzərdə tutulan ərazi ilə bağlı son vəziyyətdən də danışıb.
Həmin müsahibəni təqdim edirik.
– Oyun haqqında fikirləriniz necədir?
– Bu gün və üç gün sonra iki oyun olmaqla, U-16 və U-19 komandalarımızın yoldaşlıq görüşləri keçirilməli idi. Bu gün hər iki görüş baş tutdu. Hər iki komandada kifayət qədər sürətli futbol nümayiş etdirildi. Düşünürəm ki, belə görüşlərin sayı çoxaldıqca gənc futbolçularımız təcrübələrini artırar, beynəlxalq oyunların sürətini və oyun anlayışını daha yaxından tanıyarlar.
Düşünürəm ki, bugünkü görüşlər həm U-19, həm də U-16 komandaları üçün faydalı oldu. Hesab fərq etmir. Meydanda kifayət qədər sürətli və texnikalı futbolçular gördük.
– Həm U-16, həm də U-19 yaş qruplarında çıxış edən oyunçuların performansından razı qaldınız?
– Əlbəttə. Hazırda hazırlıq mərhələsidir və hər bir futbolçunun hazırlığının yüksəlməsi üçün belə yoldaşlıq görüşlərinə ehtiyac var. Düşünürəm ki, həm U-19, həm də U-16 komandalarında futbolçular bütün bacarıqlarını ortaya qoymağa çalışdılar.
Təbii ki, tam olaraq hazırlıqları pik formasında olmaya bilər. Amma oyunların sayı çoxaldıqca performansları da yaxşılaşacaq. Düşünürəm ki, bu gün də həm U-19, həm də U-16 yaş qruplarında yaxşı məqamlar oldu. Oyunların sayı artdıqca daha yaxşı olacaqlar.
– Yoldaşlıq oyunları üçün təklif ilk olaraq sizdən gəldi, yoxsa rəqib tərəfdən?
– “Dinamo” ilə sıx əlaqələrimiz var. Dostluq münasibətlərimiz davam edir. Biz yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı təklif etdik. Onlar da müsbət cavab verdilər.
Növbəti yoldaşlıq görüşləri bir-iki həftə sonra Gürcüstanda, Tbilisi şəhərində baş tutacaq. Bu dəfə fərqli yaş qrupları olacaq. Yenə U-19 yaş qrupunda oyunlar keçiriləcək, amma daha çox 2007 və 2008-ci il təvəllüdlü gənclər olacaq.
U-15 komandalarımız isə bu dəfə iki qrup şəklində Tbilisiyə yola düşəcək. İki həftə sonra Gürcüstanda yoldaşlıq görüşləri keçiriləcək.
– Hər iki yaş qrupundan komandanın oyunlarını izlədiniz. Bəyəndiyiniz futbolçu oldumu?
– Əlbəttə. Gürcüstan hər zaman istedadlı futbolçuları ilə seçilib. Bu gün də beynəlxalq oyunlarda bir çox gürcü futbolçuları izləyirik. Onların ən məşhuru da Kvaratsxeliyadır.
Bu gün də meydanda həqiqətən kifayət qədər istedadlı futbolçular gördük. Bəlkə də bir, iki, üç ildən sonra bu futbolçuları beynəlxalq arenalarda görəcəyik.
– Bir müddət əvvəl xəbər çıxmışdı ki, “Qarabağ” futbol akademiyası üçün Suraxanıda əlavə torpaq sahəsi alınıb və həmin ərazidə fəaliyyət göstərəcək. Həmin torpaq alınıbmı? Sənədləşmə prosesi hansı mərhələdədir?
– Bəli, belə söhbətlər gedir. Hazırda danışıqlar sonuna gəlib çıxıb və Suraxanıda verilən ərazinin rəsmi sənədləşməsi ərəfəsindəyik.
Gələcəkdə bu işlər bitdikdən sonra düşünürəm ki, akademiyada dünya standartlarına uyğun çalışacağıq, müasir akademiyamız olacaq.
