Mahmud Qurbanov: “Sabah” “Hapoel” səddini də aşa bilər”

12 Avqust 2026 12:47
147
Mahmud Qurbanov: “Sabah” “Hapoel” səddini də aşa bilər”

"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubunu üstələyərək həlledici raunda adlamaq potensialına malikdir".

Bunu Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

O, komandanın son matçda keyfiyyətli oyun nümayiş etdirdiyini diqqətə çatdırıb.

"Sabah" cavab qarşılaşmasında, xüsusən də ikinci hissədə çox yaxşı çıxış etdi. Səfərdəki ilk görüşdə məğlub olmalarına baxmayaraq, pis oynamamışdılar. Hətta son saniyələrdə qol vursalar da, ofsayd qeydə alınmışdı. Cavab matçında isə rəqibə təzyiq göstərərək, səhvlərə yol verməyə məcbur etdilər, yordular, baxımlı qollar vurdular. Komanda layiqli şəkildə növbəti mərhələyə yüksəldi. Bu mübarizə göstərdi ki, Azərbaycan çempionatı Danimarka çempionatından üstündür", - deyə o report.az-a açıqlamasında bildirib.

Mütəxəssis pley-offdakı rəqib "Hapoel"lə matçlar barədə də fikirlərini bölüşüb:

"Rəqib İsrail çempionudur və zəif komanda deyil. Güc balansının bərabər olduğunu düşünürəm. Azərbaycan klubları avrokuboklarda əvvəllər də İsrail komandaları ilə üz-üzə gəlib. Görmüşük ki, heç də pis komandalar deyillər. Əsas məsələ "Sabah"ın öz oyununu ortaya qoymasıdır. Komanda belə çıxışı davam etdirərsə, "Hapoel" səddini də aşaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etmək potensialına malikdir".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubunu iki matçın nəticəsinə əsasən (1:2, 4:0) məğlub edərək pley-offa yüksəlib.

Valdas Dambrauskasın baş məşqçi olduğu komanda sözügedən raundda İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə qarşılaşacaq. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

İdman.Biz