Deputatın oğlu “Qarabağ”la oyunda “Dinamo”nun qapısını qoruyacaq

11 Avqust 2026 16:47
152
Deputatın oğlu “Qarabağ”la oyunda “Dinamo”nun qapısını qoruyacaq

Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyununa əsas qapıçısı Ruslan Neşeretsiz çıxacaq.

İdman.Biz xəbər verir ki, 24 yaşlı qolkiper zədə səbəbindən ən azı daha üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu səbəbdən “Dinamo”nun qapısını Bakıda da Vyaçeslav Surkis qoruyacaq. 20 yaşlı qapıçı artıq komandanın son üç matçında, o cümlədən “Qarabağ”la ilk qarşılaşmada əsas heyətdə yer alıb.

Surkis vaxtilə “Dinamo”nun prezidenti olmuş, hazırda deputat kimi fəaliyyət göstərən Qriqori Surkisin oğludur. “Dinamo”nun hazırkı prezidenti İqor Surkis isə onun əmisidir.

Neşeret zədəsini iyulun sonunda alıb və hazırda bərpa prosesini davam etdirir. Ukrayna mətbuatının yazdığına görə, onun avqustun sonunadək meydana qayıtması mümkün görünmür.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. İlk matçda Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz