Ukrayna millisinin sabiq baş məşqçisi: “Dinamo” Bakıda “Qarabağ”a məğlub olacaq”

11 Avqust 2026 15:48
139
Ukrayna millisinin sabiq baş məşqçisi: “Dinamo” Bakıda “Qarabağ”a məğlub olacaq”

Ukrayna millisinin və Kiyev “Dinamo” futbol komandasının sabiq baş məşqçisi Jozej Sabo “Qarabağ”la qarşıdakı cavab oyunu barədə fikirlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 86 yaşlı mütəxəssis “Sport-express”ə müsahibəsində Kiyev təmsilçisinin Bakıda məğlub olacağını proqnozlaşdırıb.

Sabo “Qarabağ”ın hazırkı səviyyəsinə görə rəqibindən üstün olduğunu bildirib:

“Bizimkilər uduzacaq. Nə qədər təəssüf doğursa da, buna demək olar ki, əminəm. “Qarabağ” obyektiv olaraq daha yaxşı komandadır. Onlar öz meydanlarında, Bakıda oynayacaqlar”.

Təcrübəli mütəxəssis ilk qarşılaşmada da Azərbaycan təmsilçisinin oyununu yüksək qiymətləndirib. Onun sözlərinə görə, “Qarabağ” səfərdə topa yaxşı nəzarət edib və cavab matçını nəzərə alaraq ehtiyatlı davranıb.

“İlk oyun göstərdi ki, “Qarabağ” sanki cavab qarşılaşmasını düşünərək səfərdə oynayırdı. Onlar topa yaxşı nəzarət edirdilər. Bugünkü “Dinamo” isə lazım olan anda toparlanıb istənilən rəqibi məğlub edə biləcək komanda deyil”.

Sabo Kiyev klubunun ümumi oyunundan da narazılığını gizlətməyib. O, “Dinamo”nun dinamika və sürət baxımından problemlər yaşadığını, hazırkı heyətdə xüsusi fərqlənən futbolçu görmədiyini söyləyib.

Mütəxəssis həmçinin komandanın baş məşqçisi İqor Kostyukun mümkün istefası barədə danışaraq klubun hazırda yüksək maaş tələb edən tanınmış əcnəbi məşqçi gətirmək imkanının məhdud olduğunu vurğulayıb.

“Qarabağ”la “Dinamo” arasında cavab qarşılaşması 13 avqust, saat 20:00-da Bakıda keçiriləcək. İlk oyunda Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz