“Qarabağ”ın prezidenti “Dinamo” ilə oyun öncəsi azarkeşlərə səsləndi

11 Avqust 2026 10:29
98
“Qarabağ”ın prezidenti “Dinamo” ilə oyun öncəsi azarkeşlərə səsləndi

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyunu ərəfəsində komandaya inamını ifadə edib.

İdman.Biz xəbər verir ki, klub rəhbəri “Qarabağ”ın yeni mövsümə böyük hədəflərlə başladığını və yay transferlərinin komandanın ehtiyacları nəzərə alınaraq həyata keçirildiyini bildirib.

“Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/27 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçıları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı qarşılaşmaları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın “Qarabağ”a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm”, - Gözel deyib.

Klub prezidenti baş məşqçi Qurban Qurbanova da tam dəstəyini ifadə edib:

“Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar yaşamışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar”.

Tahir Gözel “Dinamo” ilə qarşılaşma öncəsi azarkeşlərə də çağırış edib. O, tribunaların dəstəyinin futbolçulara əlavə güc verəcəyini vurğulayıb:

“Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir. Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və “Qarabağ”ımıza olan inamımızı tribunadan hiss etdirək”.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Oyun 13 avqust, saat 20:00-da start götürəcək.

İdman.Biz