“Səbail” yeni rəhbərliyini təqdim etdi: Klub Qubanı təmsil edəcək, hədəf Premyer Liqaya qayıdışdır

7 Avqust 2026 16:03
100
“Səbail” yeni rəhbərliyini təqdim etdi: Klub Qubanı təmsil edəcək, hədəf Premyer Liqaya qayıdışdır

“Səbail” futbol klubu yeni İdarə Heyətini ictimaiyyətə təqdim edib.

İdman.Biz xəbər verir ki, təqdimat mərasimində klubun yeni idarəetmə strukturu açıqlanıb.

Mirzə Bayrampur İdarə Heyətinin rəhbəri kimi təqdim olunub. Amin Məmmədov və Sərxan İbrahimov isə İdarə Heyətinin üzvləri olacaq.

Tədbirdə "Səbail"in 2026/2027 mövsümündə istifadə edəcəyi yeni oyun formaları da nümayiş etdirilib. Azərbaycan I Liqasında çıxış edəcək paytaxt təmsilçisinin yeni formaları ağ və yaşıl rənglərdə hazırlanıb.

Təqdimat mərasimində çıxış edən klubun prezidenti Mirzə Bayrampur "Səbail"in uzunmüddətli inkişaf strategiyasından danışıb.

“İstəyirik ki, "Səbail"i ən yüksək səviyyədə inkişaf etdirək. Hədəflərimiz böyükdür. I Liqada mövsümü çempion kimi başa vurmaq istəyirik. Uşaq futboluna da xüsusi önəm verəcəyik. Xarici təcrübəni əsas götürərək bu yola çıxmışıq. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq. Tez yüksəlmək hədəfimiz yoxdur. Addım-addım, amma ən yüksək zirvəyə çatmaq istəyirik”, - deyə Bayrampur bildirib.

Mərasimdə çıxış edən Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev isə “Səbail”in bundan sonra Qubanı təmsil edəcəyini açıqlayıb. Onun sözlərinə görə, klubun məqsədi təkcə Quba adından çıxış etmək deyil, həm də bölgədə sevilən komandaya çevrilməkdir.

“Bu komanda sadəcə Quba adı ilə fəaliyyət göstərməyi deyil, həm də bölgədə sevilməyi düşünür. Necə ki, “Kəpəz” Gəncədə, “Turan Tovuz” isə Tovuzda rəğbət qazanıb, "Səbail"in də bölgə futboluna töhfə verəcəyinə əminik”, - deyə Piriyev vurğulayıb.

Qeyd edək ki, “Səbail” ötən mövsüm Azərbaycan I Liqasını 50 xalla üçüncü pillədə başa vurub. Yeni rəhbərlik isə qarşıdakı mövsümdə komandanı çempion edərək Premyer Liqaya qaytarmağı əsas hədəf kimi müəyyənləşdirib.

İdman.Biz