Qapıçının açdığı qapı və ya Ekstraklasada 5-ə çata bilərik – TƏHLİL

Təhlil
18 Yanvar 2024 13:47
692
Qapıçının açdığı qapı və ya Ekstraklasada 5-ə çata bilərik – TƏHLİL

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Rahil Məmmədov legioner həyatı yaşamağa yaxındır.

İdman.biz xəbər verir ki, Polşanın LKS klubu mərkəz müdafiəçisini heyətinə qatmaqda maraqlıdır.

Ekstraklasada qalmaq uğrunda mübarizə aparan Lodz təmsilçisi keçidi reallaşdıra bilsə, 28 yaşlı futbolçu bu liqada çıxış edən 5-ci Azərbaycan təmsilçisi olacaq. İndiyədək ölkəmizdən 4 oyunçu Ekstraklasada meydana çıxıb.

Məcidovun açdığı qapı
Polşa çempionatının qapısını Ruslan Məcidov açıb. Millimizin sabiq qapıçısı Rusiya “Anji”sindən “Vidzev”ə keçib. 2006-cı ildə Polşaya yollanan Məcidovun komandası 1-ci liqada uğurla çıxış edərək Ekstraklasaya yüksəlib. Həm aşağı, həm yüksək liqada Lodz təmsilçisinin şərəfini qoruyan Ruslan ilyarım ərzində bütün turnirlərdə ümumilikdə 9 matça çıxıb. Sonradan “Neftçi”yə keçən qolkiperin karyerası uğurlu alınmayıb. Ölkəmizdə bir neçə klub dəyişən Məcidov karyerasını 30 yaşında bitirib.

Polşada kubok
2007-ci ildə “MKT Araz” UEFA kubokunda Polşa “Qrotslin”inə uduzduqdan sonra futbolçusu Saşa Yunisoğlunu bu kluba keçib. Millimizin müdafiəçisi sonradan adını “Poloniya”ya dəyişən klubda ilyarım çıxış edib. Ekstraklasada cəmi 8 matça çıxan Saşa klubu ilə Liqa kubokunun qalibi olub. 2009-cu ilin yanvarında Polşa karyerası bitən futbolçu “Bakı”ya keçib.

Ən uğurlu və qalmaqallı
Azərbaycan futbolçusu transfer edən ən adlı-sanlı Polşa klubu “Legiya” olub. Varşava təmsilçisi millimizin və “Qarabağ”ın aparıcı üzvü Mahir Emrelini heyətinə qatıb. 2021-ci ilin yayındakı transfer ilk vaxtlar uğurlu alınıb. Altı ay bu komandada forma geyinən forvard 33 matçda 11 qola imza atıb. Çempionatda ciddi uğuru ilə fərqlənməyən Mahir avrokuboklarda 7 qolla bombardirlik keyfiyyətlərini nümayiş etdirib. Lakin Mahir həm də Polşadakı ən qalmaqallı oyunçumuz olub. Transferindən altı ay sonra azarkeşlərlə münaqişəyə girən və bundan sonra komandada qalmamağa qərar verən Emreli bir müddət sonra Zaqreb “Dinamo”suna keçib.

Polşadan Asiyaya
Polşa karyerası nisbətən sabit alınan təmsilçimiz Anton Krivotsyukdur. Millimizin müdafiəçisi 2021-ci ilin yayında “Neftçi”dən Plotsk “Visla”sına transfer olunub. Çempionatda 25 matçda 3 qol vuran müdafiəçi əsas heyət üzvlərindən birinə çevrilib. Polşada ilyarım keçirən Anton oradan Cənubi Koreyaya üz tutub.

Qeyd edək ki, LKS Rahilin keçidini yanvarın 20-də başlayacaq toplanışa qədər reallaşdırmağı planlaşdırır.

Vüqar Xeyrullayev
İdman.biz