17 yaşımda əsas millidə debüt etmişdim. Bir çoxları Berti Foqtsu qınayırlar, təndiq edirlər. Amma o, karyeramın qırılma nöqtələrindən biridir".
Bunu İdman.bizin studiyasının qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadə deyib.
Yığmaya dəvət olunan ən gənc futbolçulardan biri əsas komandada karyerasının qısa alınmasının səbəbini açıqlayıb. O bildirib ki, aldadılması hər şeyi məhv edib: "Neftçi"nin əsas heyətində debüt etdiyim oyundan sonra məni milli komandaya çağırdı. Mütəmadi yığmaya dəvət olunurdum. Həmin vaxt yaşım imkan verdiyi üçün həm də digər yaş qruplarında da oynayırdım. Milli komandaların məşqçilərindən biri mənə dedi ki, bizdə Avropa çempionatının final mərhələsi olacaq və bununla bağlı Berti Foqtsla danışmışıq. O da deyib ki, Amit gəlib mənə desin, onu buraxım. Yaşım az idi. Sən demə, o Foqtsa heç nə deməyib. Tərcüməçisi ilə almaniyalının yanına getdim. Məni kimin göndərdiyini bildirdim və əsas komandadan buraxılmağımı istədim. Bundan sonra Berti Foqts əsəbiləşdi və məni otaqdan qovdu. Biletimi alıb göndərdilər, bir də milliyə çağırmadılar. Sağ olsun azərbaycanlı məşqçi hər şeyi "yoluna qoydu".
Qeyd edək ki, Quluzadə əsas millidə 3 oyun keçirib.
Emin Ağa
İdman.biz
