Yunis Hüseynov: “Dünya çempionatı gənc uşaqların inkişafına təkan verəcək”

26 İyun 2026 15:42
93
Yunis Hüseynov: “Dünya çempionatı gənc uşaqların inkişafına təkan verəcək”

“UEFA və FIFA daha əvvəl də müxtəlif iri miqyaslı yarışları Azərbaycana həvalə edib. Bunlar arasında 2019-cu ildə baş tutan Avropa Liqasının finalı, həmçinin AVRO-2020-nin oyunları var. Bu da ölkəmiz növbəti sevindirici böyük futbol tədbiridi”.

Bu sözləri “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının Azərbaycanda keçiriləcəyi ilə bağlı danışarkən deyib.

O, Azərbaycanın 2027-ci ildə Özbəkistanla birgə 20 yaşadək futbolçular arasında dünya çempionatına da ev sahibliyi edəcəyini vurğulayıb.

“Bildiyiniz kimi, ölkəmizdə təşkil edilən yarışlar da yüksək səviyyədə olur. Dünya çempionatı gənc uşaqların inkişafına təkan verəcək. Onlarda istək daha da artacaq. Bu turnir ölkənin imicinə də müsbət mənada təsir göstərəcək”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.

İdman.Biz