AFFA tərəfindən cəzalandırılan Adil Şükürov danışdı - YENİLƏNİB

7 Aprel 2026 16:35
532
AFFA tərəfindən cəzalandırılan Adil Şükürov danışdı - YENİLƏNİB

AFFA İntizam Komitəsi tərəfindən dörd oyunluq cəzalandırılan “Səbail”in baş məşqçisi Adil Şükürov hakimləri təhqir etməyib.

Bunu 48 yaşlı mütəxəssis Azərbaycan Birinci Liqasının 20-ci turunda “Baku Sportinq”lə keçirilən matçda yaşananlara aydınlıq gətirərkən bildirib.

“Oyunda bəzi şeylər oldu. Yaşananlar insanda əsəb və stres yaradır. Müəyyən xoşuma gəlməyən epizodlar yaşandı, qərarlar verildi. Təbii olaraq narazılığımı bildirdim. Artıq söz işlədilməyib, söyüş qətiyyən söyülməyib. Amma götürüb protokola əlavə ediblər ki, guya pis söz demişəm. Həmin vəziyyətin çəkilişi də yoxdur, sübutu da. Deyiləsi söz yoxdur, hakimlər nə istəyirlər, qərar verirlər, acısını da biz çəkirik. Bütün bu hadisələr üst-üstə yığılır, insan əsəb keçirir”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Adil Şükürovun cəzalandırılmasına səbəb sözügedən oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi olub. Bu hərəkətə görə klub 3000 manat cərimələnib. Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. “Səbail” buna görə isə 1500 manat ziyana düşüb.

12:26

Birinci Liqada mübarizə aparan “Səbail” klubunun baş məşqçisi Adil Şükürov cəzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Buna çalışdırıcının “Baku Sportinq”lə keçirilən 20-ci tur matçında ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. A.Şükürovun bu hərəkətinə görə “dənizçilər” 3000 manat ziyana düşüb. Baş məşqçinin özünə isə dörd oyunluq cəza verilib.

Qarşılaşma “Səbail”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz