Felipe Santos: “Transfer pəncərəsi hələ açıqdır və biz ən doğru yolu dəyərləndirəcəyik” - MÜSAHİBƏ

Müsahibə
24 Yanvar 2026 17:06
40
Felipe Santos: “Transfer pəncərəsi hələ açıqdır və biz ən doğru yolu dəyərləndirəcəyik” - MÜSAHİBƏ

“Çempionatın ikinci hissəsində hər şey ola bilər. Bilirsiniz ki, qış fasiləsindən sonra mübarizə daha da gərginləşir”.

Bunu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Araz-Naxçıvan” mövsümün ikinci yarısına “İmişli” ilə 2:2 hesablı heç-heçə ilə başladı. Komanda sezonun ikinci yarısına tam hazırdır, yoxsa bunun üçün bir qədər də vaxt lazımdır?

– Əslində, biz hələ də hazırlıq mərhələsindəyik. Yəqin ki, qarşıdakı oyunlar vasitəsilə optimal formamıza çatacağıq. Bir qədər də zaman lazımdır.

– Zədəniz var idi. Hazırkı durumunuz necədir? Nə vaxt yaşıl meydana qayıda biləcəksiniz?

– Mən 100 faiz hazıram, məşqlərə qoşuluram və oyuna çıxmağı gözləyirəm. “İmişli” ilə matçda iştirak etməməyim baş məşqçinin qərarı idi.

– “Qəbələ”dən tanıdığınız və uzun müddət birlikdə çalışdığınız Elmar Baxşıyevlə yolların ayrılması sizə necə təsir etdi?

– Bu barədə danışmaq çətindir. Hamı E.Baxşıyev öyrəşmişdi və onu çox yaxşı anlayırdı. Təəssüf ki, Elmar Baxşıyev komandadan ayrıldı. Elmar Baxşıyev əla məşqçidir. Ona gələcək karyerasında uğurlar arzulayıram.

– Yeni baş məşqçiniz Andrey Demçenko haqda fikirləriniz necədir? Baş məşqçi dəyişikliyi “Araz-Naxçıvan”ın oyunu və nəticələrinə necə təsir göstərəcək?

– Bu suala şərh verməməyi üstün tuturam.

– Necə düşünürsünüz, hazırda altıncı pillədə qərarlaşan “Araz-Naxçıvan” mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandaların sırasında ola biləcək?

– Çempionatın ikinci hissəsində hər şey ola bilər. Bilirsiniz ki, qış fasiləsindən sonra mübarizə daha da gərginləşir. Ümid edirəm ki, “Araz-Naxçıvan” ötən mövsümdə olduğu kimi, yenə əsas məqsədinə çatacaq və avrokuboklara vəsiqəni əldə edə biləcək.

– Təkliflər aldığınız və “Araz-Naxçıvan”dan ayrılacağınızla bağlı xəbərlər yayılmaqdadır. Bu nə dərəcədə doğrudur? Sizi ən azı mövsümün sonuna qədər “Araz-Naxçıvan”da görə biləcəyik?

– Transfer pəncərəsi hələ açıqdır və biz ən doğru yolu dəyərləndirəcəyik. “Araz-Naxçıvan”la müqaviləm var və klub üçün əlimdən gələni etməyə davam edəcəyəm.

İdman.Biz