“Premyer Liqada oynamaq mənim üçün hər zaman önəmli olub. Bu liqa həm məsuliyyət, həm də özünü göstərmək baxımından fərqlidir. Ona görə də “Karvan-Yevlax”dan təklif gələndə çox düşünmədim və bu addımı atmağı doğru hesab etdim”.
Bu sözləri “Karvan-Yevlax”ın yeni transferi Samir Abdullayev deyib.
23 yaşlı yarımmüdafiəçi mövsümün ilk hissəsini keçirdiyi “Mingəçevir”də qazandığı təcrübənin də indiki mərhələdə ona kömək etdiyini deyib. Futbolçu Yevlax təmsilçisində uyğunlaşma prosesinin problemsiz getdiyini vurğulayıb.
“Komandada həm futbolçular, həm də məşqçi heyətində əvvəldən tanıdığım insanlar var. Bu da mənim üçün uyğunlaşmanı xeyli asanlaşdırdı. Hazırda kollektivə adaptasiya ilə bağlı ciddi çətinlik yaşamıram”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.
“Karvan-Yevlax”ın turnir cədvəlindəki mövqeyinə toxunan futbolçu əsas məqsədin vəziyyəti dəyişmək olduğunu bildirib:
“Əsas hədəfimiz komandanın daha yaxşı nəticələr qazanmasıdır. Komandanın hazırkı durumu bizi daha da məsuliyyətli edir. Hamımız anlayırıq ki, hazırda vəziyyət ürəkaçan deyil. Mən də bu komandanın bir üzvü kimi sonuncu pillədən qurtulmaq üçün əlimdən gələni edəcəyəm. İnşallah, birlikdə buna nail olacağıq”.
S.Abdullayev bu keçidin karyerası baxımından vacib mərhələ olduğunu qeyd edib: “Düşünürəm ki, “Karvan-Yevlax” karyeram üçün uğurlu seçimdir. Burada özümü göstərə, stabil oynaya və komandaya real fayda verə bilərəm. Bu da mənim üçün çox önəmlidir. Burdakı çıxışımın gələcək planlarıma müsbət təsir edəcəyinə inanıram”.
