Bəhlul Mustafazadə: “Xankəndidə həqiqətən də möhtəşəm hisslər keçiririk”

Müsahibə
21 Dekabr 2023 17:48
413
Bəhlul Mustafazadə: “Xankəndidə həqiqətən də möhtəşəm hisslər keçiririk”

“Biz həqiqətən də möhtəşəm hisslər keçiririk. Bəlkə də burda olmağın verdiyi hiss oyunu kölgədə qoydu”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

26 yaşlı müdafiəçi işğaldan azad edilən Xankəndidə baş tutan görüşdə qələbə qazandıqları üçün sevincli olduğunu bildirib: “Rəqib çox əla mübarizə apardı. Buna görə onları təbrik edirəm. Sonadək əllərindən gələni etməyə çalışdılar”.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan kubokunda ev oyunlarını Xankəndidə keçirilməsi ilə bağlı təklifini dəstəkləyib və deyib ki, Qarabağ onlara doğmadır: “Biz buraları yetərincə gəzə bilmədik. Amma oyunlar burada təşkil olunsa, hər dəfə daha çox tarixi torpaqlarımızı gəzmək imkanı qazanarıq”.

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah”la qarşılaşacaq.

İdman.biz