Qurban Qurbanov: “Kubokdakı ev oyunlarımızı Xankəndidə keçirmək istəyərik” - MÜSAHİBƏ

Xəbərlər
21 Dekabr 2023 16:47
958
Qurban Qurbanov: “Kubokdakı ev oyunlarımızı Xankəndidə keçirmək istəyərik” - MÜSAHİBƏ

“Sizləri təbrik edirəm. Xankəndidə ilk mətbuat konfransıdır. Bu stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləmişik. Heç kim inana bilmirdi ki, kubokda bu mövsüm ilk oyunumuz Xankəndidə olar bilər”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Prezident İlham Əliyevə və Müzəffər Ordumuza təşəkkür edən Qurbanov bildirib ki, oyun çox gözəl ab-havada keçib: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Həqiqətən onların qəhrəmanlıqları sayəsində biz burdayıq. Xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzulayıram. Matç bizim üçün bir az çətin idi. Həm həyəcan vardı, həm də bəlkə bu oyuna tam hazır deyildik. İstər-istəməz futbolçular arasında Xankəndi, Şuşa ilə bağlı söhbətlər gedirdi. Motivasiya bir az aşağı idi. Amma son saniyələrdə qolun vurulması maraqlı alındı. MOİK komandası da sonadək mübarizə apardı”.

Baş məşqçi futbolçularını çox intizamlı, təmkinli və diqqətli oynadıqları üçün təbrik edib.

- Birinci Liqa təmsilçisindən belə layiqli oyun gözləyirdizmi?

- Düzü, belə də gözləmirdim. Bir neçə epizodlarına baxmışdıq. Çox yaxşı müdafiə olunurlar, əzimkarlıq göstərirlər. Bəlkə də futbolçularım həyəcana görə öz performanslarını yaxşı göstərə bilmirdilər. Sonda qalib gəldiyimiz üçün şadam.

- Komandanız artıq 1/4 finaldadır. İrəliləyə bilsəz, həlledici görüşədək ən azı 2 ev oyunu keçirəcəksiz. Həmin matçları Xankəndidə təşkil etmək olarmı?

- Finala kimi getsək, ev matçlarımızı Xankəndidə keçirmək istəyərik. Gələcəkdə bəlkə də bu barədə çox ciddi addım atılacaq.

- Oyundan öncə cənab Prezident İlham Əliyev çıxışında bir neçə aydan sonra Ağdamda “İmarət” stadionunun tikintisinə başlanılacağını bildirdi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu, çox xoşdur. Cənab Prezidentin əsl azərbaycanlı kimi bir siyasəti var. "İmarət" stadionunu Ağdama geri qaytarmaq istəyir. Bunu üçün ona təşəkkür edirəm. İnşallah, stadion hazır olduqdan sonra böyük məmnuniyyətlə gəlib, üzərimizə düşən vəzifəni yerinə yetirərik.

- İlk hissədə Riçard Almeydanı əvəzlədiz. Zədəsi ciddi idi?

- Bəli, başından zədələndi. Özünü yaxşı hiss etmədi. Matçı davam etdirə bilmədiyi üçün əvəzlədim.

- Sizcə, MOİK I liqada qalib gələrək, Premyer Liqaya yüksələ bilər?

- Yəqin heyətini daha da gücləndirəcək. Bu gün bizə qarşı belə mübarizə aparmaq gələcəyə ümid verir. Hətta bu oyundan sonra ola bilər ki, MOİK rəhbərliyi komandaya daha çox diqqət ayırsın və gələcək planlarını yaxşılaşdırsın. Belə oyun göstərməklə tarixə düşdülər və bunu qoruyub saxlamaq lazımdır.

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah”la qarşılaşacaq.

İdman.biz