Azərbaycan Premyer Liqasının lideri “Sabah” bir neçə gün öncə bosniyalı futbolçu Boyan Letiçlə yolları ayırdı. 2022-ci ilin fevralından “bayquşlar”ın üzvü olan 33 yaşlı müdafiəçi ümumilikdə 125 oyun keçirib, həm də klubun tarixində önəmli rol oynayıb. Letiç “Sabah”ın tarixində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də avrokuboklarda ilk qolunun müəllifidir.
O, teleqraf.az-a müsahibəsində həm ayrılığının səbələri, həm də digər sualları cavablandırıb.
- “Sabah”dan niyə ayrıldınız?
- Premyer Liqanın ikinci turunda “Şamaxı” ilə oynayacaqdıq. Mən həmin oyundan üç gün əvvəl biləyimi zədələdim və nəticələr göstərdi ki, iki aylıq fasilə etməliyəm. Yeddi gün sonra mənə dedilər ki, mənim yerimə əvəzləyici tapılıb və mən çempionat üçün PFL-də qeydiyyatdan keçməyəcəyəm.
- Futbolçu kimi hansı məqsədlərə nail oldunuz və hansı hədəfləriniz qalır?
- Mənim məqsədim ya İtaliyada, ya da İspaniyada oynamaq idi ki, buna nail oldum. Əlbəttə, hələ də məqsədlərim var, amma onlar barədə danışmaq istəmirəm.
- “Sabah”da sizi ən çox kim dəstəkləyirdi? Klubda kiməsə qarşı incikliyiniz olub?
- Heç kəsi seçməzdim, mənim həqiqətən hər oyunçu ilə yaxşı münasibətim olub. Hər kəslə düzgün münasibət qurmağa çalışmışam və hesab edirəm ki, bunu yerinə yetirdim. “Sabah”da çox xatirə qalan oyunlarım olacaq, amma Bakıdakı “Partizan”la oyunu seçərdim, çünki yaxşı oynadım və gözəl qol vurmuşdum.
- Azərbaycanda ən çox nəyi bəyəndiniz? Buranın mətbəxi ilə aranız necədir?
- Bakıda həddindən artıq tıxac var. İnsanlar çox təhlükəli sürürlər. Yəni izdiham çoxdur. Yemək məsələsinə gəlincə, yaxşı yeməklər var, amma onlar mənim üçün çox ağırdır. Mən daha yüngül yeməkləri sevirəm. Açığı, Bakı məni müsbət mənada çox təsirləndirdi. İnsanlar pozitivdir, kömək etmək istəyirlər, bu məni sevindirir, siz mənim ölkəmdəki insanlara oxşayırsınız.
- Sonda Bakıdan hansı xatirələrlə ayrılırsınız?
- Mən Bakıya heyranam, gözəl, müasir şəhərdir. Səmimi olaraq ümid edirəm ki, gələcəkdə bu şəhəri ziyarət etmək şansım olacaq. Və o, həmişə qəlbimdə xüsusi bir yer olaraq qalacaq.
- “Sabah” azarkeşlərinə nə demək istərdiniz?
- Mən onlara təşəkkür edirəm ki, bütün bu illər ərzində mənə dəstək oldular. Ümid edirəm ki, onların gözləntilərini qarşıladım və məni yaxşı xatırlayacaqlar.
