“Hazırlıq prosesi plan üzrə davam edir”.
Bu sözləri “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç deyib.
Yarımmüdafiəçi Türkiyənin Antalya şəhərindəki toplanışda hər gün intensiv məşq etdiklərini bildirib.
“Mövsümün ikinci yarısına köklənmişik. Ən vacib məqam odur ki, indiyədək ciddi zədələnmə olmayıb və bütün komanda heyəti məşqlərdə iştirak edir”, - deyə sport24.az-a açıqlamasında deyib.
Serbiyalı oyunçu hazırda Misli Premyer Liqasında beşinci pillədə olduqlarını da xatırladıb:
“Lakin xallar arasındakı fərq çox azdır və avrokuboklara vəsiqə qazanmaq şansımızı açıq şəkildə görürük. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
O, Macarıstan təmsilçisi “Pakş”a 1:5 hesabı ilə uduzduqları yoxlama oyunu haqqında da danışıb:
“Düşünmürəm ki, bu oyunlarda nəticə əsas prioritetdir. Bizim əsas hədəfimiz çempionatın davamına tam hazır olmaqdır və bu görüşlər meydanda yeni variantları sınaqdan keçirmək, oyun keyfiyyətimizi daha da artırmaq üçün bir fürsətdir. Bundan əlavə, çoxlu gənc futbolçuya şans verdik və belə oyunlar onlar üçün çox vacibdir. Ona görə də nəticəyə fokuslanmağa ehtiyac yoxdur. Əsas məqamlardan biri də odur ki, hamı oyunu zədəsiz başa vurdu”.
