“Kəpəz” komandasının baş məşqçisi Azər Bağırov “Qəbələ” ilə keçirilən yoxlama oyununda akademiyadan dörd oyunçunu sınama şansı əldə etdiklərini bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunu Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
O, yoxlama görüşündə futbolçuların yaxşı təsir bağışladığını vurğulayıb:
“Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. İnanıram ki, gələcəkdə həmin futbolçular əsas komandaya namizəd olacaqlar. Yeni transferimiz Veysəl Rzayev də ilk oyununa çıxdı və qənaətbəxş təsir bağışladı”.
Baş məşqçi komandada mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin davam etdiyini vurğulayıb:
“Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İkihissəli oyunda ilk “onbirliy”imizi meydana buraxmadıq, fərqli heyətlərin təzyiq altında oynamasını istədim. Əsas odur ki, matçı zədəsiz və itkisiz başa vurduq. Bir həftədir məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına qədər komanda istədiyimiz səviyyəyə çatacaq”.
