“Turan Tovuz”un rumınlarla oyunu baş tutmadı - SƏBƏB

Xəbərlər
9 Yanvar 2026 13:20
85
“Turan Tovuz”un rumınlarla oyunu baş tutmadı - SƏBƏB

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Turan Tovuz”un hazırlıq planında dəyişiklik olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, Kurban Berdiyevin komandasının hazırlıq çərçivəsindəki ilk yoxlama oyunu baş tutmayacaq.

Premyer Liqa təmsilçisinin yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt”la planlaşdırılan oyunu təxirə salınıb. Hər iki tərəf heyətdəki zədəlilərin çoxluğunu əsas gətirərək görüşün ləğv olunması ilə bağlı razılığa gəliblər.

Beləliklə, “Turan Tovuz” qış hazırlığı çərçivəsində bir oyunla kifayətlənəcək. “Boz qurdlar” yanvarın 17-də Polşa “Poqon”u ilə gücünü sınayacaq.

Qeyd edək ki, “Turan Tovuz”un Türkiyədəki toplanışı yanvarın 18-də başa çatacaq.

İdman.Biz