Xankəndidən Qarabağ derbisinə gedən yol: Avropada tarix yazan və Müzəffər Ordumuzun komandası ilə qayıdış - VİDEO

Təhlil
20 Dekabr 2023 10:12
998
Xankəndidən Qarabağ derbisinə gedən yol: Avropada tarix yazan və Müzəffər Ordumuzun komandası ilə qayıdış - VİDEO

Azərbaycan futbolu tarixi hadisənin astanasındadır.

İdman.biz xəbər verir ki, ölkə kubokunun dekabrın 21-də keçiriləcək 1/8 final mərhələsi 32 illik müstəqillik tariximizə növbəti parlaq səhifə kimi düşəcək. Xankəndi şəhər stadionu tarixdə ilk dəfə Azərbaycan Respublikasının komandalarının oyununu qəbul edəcək.

PFL-dən möhtəşəm qərar
Peşəkar Futbol Liqası kubok oyunlarından birinin Xankəndidə keçirilməsi barədə qərar qəbul edib. Azərbaycan futbolunun lideri, işğaldan azad olunmuş Qarabağı təmsil edən “Qarabağ” 1/8 finaldakı ev matçını burada keçirəcək. Təkcə Azərbaycan deyil, Avropada sözünü deyən Ağdam klubunun rəqibi I divizion təmsilçisi olsa da, Xankəndi stadionuna ayaq basmağı “Qarabağ”dan az haqq etməyən bir komandadır. Müzəffər Azərbaycan Ordusunu təmsil edən MOİK bu arenaya qalib ölkənin zəfər çalan Silahlı Qüvvələrini tərənnüm edir. Müzəffər Ali Komandan cənab Prezident İlham Əliyevin dediyi kimi, düşməni torpaqlarımızdan iti qovan kimi qovan, Qarabağda tarix yazan hərbçilərimiz Xankəndi stadionunda Avropada tarix yazan “Qarabağ”la görüşəcək. Bu qarşılaşmaya bilet satışı da təşkil olunub. Bu isə azarkeşlərə bayrama canlı şahidlik etmək imkanı yaradacaq.

Bizim qədim meydan
İlk dəfə müstəqillik illərində Azərbaycan komandası Xankəndi stadionuna qədəm basacaq. Lakin bu arena uzun illər Azərbaycan futboluna xidmət edib. 1955-ci ildə inşasına start verilən stadionun açılışı bir il sonraya təsadüf edib. Erməni təxribatçıların milli zəmində münaqişələrə start verdiyi 1988-ci ilədək Xankəndi stadionunda Azərbaycanda yaşayan millətlərin nümayəndələri çiyin-çiyinə çıxış edib. Azərbaycanlılarla yanaşı, erməni, rus və digərlərini təmsil edən oyunçular bu meydanda top qovublar. Düzdür, stadion digər millətlərin nümayəndələrinin - İosif Stalin, sonradan Stepan Şaumyanın adını daşıyıb. Lakin burada azərbaycanlılar da uğurla və əmin-amanlıqda futbol oynayıb. Separatçıların hərəkətə keçdiyi vaxtdan bu arena da işğal altına düşdü. 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi bizləri stadiona bir addım da yaxınlaşdırdı. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror əməliyyatı nəticəsində sentyabrın 29-da Xankəndiyə nəzarət Azərbaycana keçdi. Qondarma, separatçı rejim süquta uğradı və oktyabrın 15-də üçrəngli Azərbaycan bayrağı Xankəndidə dalğalandı. Müstəqillik illərində ilk dəfə ərazi bütövlüyümüzün tam təmin olunması ilə 67 yaşlı bizim qədim stadion da işğaldan azad edildi.

İşğal olunan klub
SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı olan Xankəndi bölgənin ən böyük futbol klubuna sahib idi. Uzaq 1927-ci ildə əsası qoyulan “Qarabağ” klubu Respublika və ümumittifaq yarışlarında mübarizə aparırdı. SSRİ çempionatının aşağı liqalarında, “9-cu zona” kimi tanınan Zaqafqaziya komandalarının yer aldığı 2-ci liqanın zonasında çıxış edən komandada beynəlmiləl ruh yaşayırdı. Qeyd etdiyimiz kimi, müxtəlif millətlərin nümayəndələrinin formasını geyindiyi komandada etnik islahatlar ötən əsrin 80-ci illərinin sonlarında başladı. Son SSRİ çempionatlarında erməniləşən komanda qondarma respublikanın özü qədər “geydirmə” çempionatında, sonra isə Ermənistan səviyyəli yarışlarda oynamağa başladı. AFFA və Azərbaycanın FİFA və UEFA-ya çoxsaylı müraciətlərindən sonra bizim ərazini təmsil edən komandanın başqa ölkənin çempionatında oynamasına qadağa qoyuldu. Klubumuz həmin vaxt işğal olunan Xankəndidən tarixən bizim olan digər şəhərə İrəvana köçürüldü. 2007-ci ildə fəaliyyətini dayandıran klub özü də tarixin yaddaşına köçdü.

Xankəndidə at oynadanlar
Ermənilərin işğal və məhv etdiyi, özlərinki kimi qələmə verdiyi “Qarabağ”da tarix boyu Azərbaycan imzası da olub. Futbolumuzda sözünü demiş Əli Əbilzadə Xankəndi təmsilçisinin baş məşqçisi kimi çalışıb. Daim heyətdə azərbaycanlı futbolçular da komandanın özəyində yer alıblar. 80-ci illərdə Arif Zərbayılov, Cavanşir Novruzov, Əsgərağa Əsgərov, Samir Ələkbərov və Munis Abdullayev kimi futbolçularımız “Qarabağ”da sözünü deyib. Bu gün “İrəvan”da köməkçi məşqçi kimi çalışan Ələkbərov 18 yaşı olduğu 1986-cı ildə 13 qolla komandanın ən yaxşı bombardirlərindən biri olub.

1/8 finalın qalibi bəllidir
Xankəndidə keçiriləcək “Qarabağ” – MOİK oyununun qalibi indidən bəllidir. Premyer Liqa və I divizion komandalarının duelində 1/4 finala vəsiqənin sahibi heç kimdə şübhə doğurmasa da, bu qarşılaşmada məğlub olmayacaq. Burada bir qalib var - qalib Azərbaycandır.
Separatçılardan təmizlənən torpaqlarımızda, tribunalarda əyləşən azarkeşlər önündə meydana çıxan hər iki komanda, arenadan və televiziyadan matçı izləyən, izləməyən hər bir azərbaycanlı bu görüşün qalibi olacaq. Çünki qalib ölkənin, qalib xalqın, qələbəruhlu insanlarıyıq.
Yəqin ki, Xankəndidə “Qarabağ” və ya MOİK sədaları deyil, “Qarabağ Azərbaycandır, Yaşasın Azərbaycan” şüarları səslənəcək, dünyaya qalib xalqın nərəsi ucalacaq.

Bəli, Qarabağa, Xankəndiyə qayıdış Xankəndi şəhər stadionuna qayıdışla da müşayiət olunur. “Qarabağ”ın “İmarət” kimi tanınan Ağdam şəhər stadionuna köçənədək ev oyunlarını Bakı deyil, Xankəndidə keçirəcəyi gözlənilir. Ağdam klubu doğma şəhərə, doğma stadiona qayıdana qədər Xankəndidəki “Qarabağ” bərpa olunacaq. Bir gün Xankəndi və Ağdamı təmsil edən iki “Qarabağ”ın derbisinə şahidlik edəcəyik. O gün o qədər də uzaqda deyil...

Hüseyn Vaqif