“Araz-Naxçıvan”nın futbolçusu Turan Manafovun İdman.biz saytına müsahibəsi
- Azərbaycan çempionatında geridə qalan XVII turda “Araz-Naxçıvan”da bütün oyunlarda iştirak etmisən. Karyeranın ən pik nöqtəsini yaşadığını demək olar?
- “Araz-Naxçıvan”da məşqçilər mənə etimad göstərir. Mən də əlimdən gələni edirəm ki, hər oyun bu etimada layiq olduğumu sübut edim. Karyeramın ən pik nöqtəsində olduğunu düşünmürəm. Çünki bundan da yaxşı ola bilərəm. Hər oyunda statistikalarıma, nələrə səhv nələri düz etdiyimə baxanda 70-80 faiz oyunumdan razı qalıram.

- Ən çox qol vurduğun mövsümdür. Hər 3 qolun cərimə zərbəsindən olub. Buna xüsusi hazırlaşırsan?
- Yox, xüsusi hazırlaşmıram. Məşqlərdə heç vaxt bunun üzərində xüsusi işləmirəm. Canlı sədd qurub zərbələr vurmuram. Bundan əvvəl “Səbail”də də oynayanda cərimə zərbəsindən qolum var idi. Amma orda bu qədər fürsət düşmürdü. Bu da çox vaxt məşqçinin fəlsəfəsindən irəli gəlir. Aftandil Hacıyev “Səbail”də oynadığım son zamanlarda cərimə zərbələrini mənə tapşırırdı. Amma istədiyim istiqamətlərdə zərbələr endirmək şansı düşmürdü. Çox vaxt isə məşqçi ötürmə etməyimi istəyirdi. Azər Bağırov isə hər zaman standart vəziyyətləri mənə tapşırır. Məsafənin fərqi olmadan qapıya vur deyir. Mən də özümə inanaraq vururam.
- “Sumqayıt”, “Qəbələ” və “Sabah”a qarşı cərimə zərbələrindən baxımlı qollar vurmusan. 3 qoldan sənə görə ən yaxşısı hansıdır?
- Peşəkar karyeramda 6 qol vurmuşam ki, bunun 5-i cərimə zərbəsindən olub. Ümumi götürsək, ən çox sevindiyim, xoşbəxt olduğum qolum 2021/2022 mövsümündə “Səbail” forması ilə “Qarabağ”a vurduğum qol idi. O vaxt rəqib indikindən də güclü idi. Bir epizodu qaçırdım. Daha sonra qol vurdum və qələbədə son nöqtəni qoydum. 3:1 qalib gəldiyimiz matçda çox xoşbəxt olmuşdum. Amma bu mövsüm sonuncu, XVII turda “Sabah”ın qapısına vurduğum cərimə zərbəsi ən çətini idi. Sol tərəfdən qol olmaq faizi çox az idi. Çoxu elə bildi ki, qapıya vurmurdum, sadəcə ötürmə verirdim. Amma belə deyil. Həmin epizodda Azər müəllim dedi ki, birbaşa qapıya vur. Bir daha soruşdum ki, birbaşa qapıya?, “hə” cavabını aldım və zərbə endirdim. Düşünərək vurdum. O ən baxımlı və ən gözəl qolum oldu.
- Sol cinah müdafiəçisisən. Müasir futbolda bu mövqe çox önəmlidir. Həm müdafiə olunmalı həm də hücumlara dəstək verməlisən. Yorucu deyil?
- 19 yaşıma qədər sağ və sol yarımmüdafiədə oynamışam. 19 yaşımdan sonra ölkəmizdə bu mövqedə futbolçu az olduğu üçün məşqçilərimin təkidi ilə burada oynadım. Təbii ki, mövqeyimin məsuliyyəti çoxdur. Mövsümün ilk oyunlarında yorğunluq olurdu. Amma son matçlarda çox rahatam. Əsas məsələ düzgün qaçmaq və gücünü düz nizamlamaqdır. “Səbail”ə qarşı matçda 90 dəqiqə oynadıqdan sonra daha 90 dəqiqə də oyna desəydilər, həqiqətən də oynayardım.

- 1 dəfə legioner həyatı yaşamısan. Yunanıstanda “Olimpiakos Volou”da karyeran niyə uğursuz alındı?
- İndiki ağlım olsaydı, o vaxt Yunanıstana getməzdim. Mənə görə o verilən səhv qərar idi. 1 il “Səbail”də, 6 ay isə orda oynamadım. Karyeramın alınmama səbəbi “Səbail”dən Yunanıstana gedərkən belimdə olan ağrılar idi. Qısa bir müddət müalicə alsam da, tam fizioterapiyadan keçmədim. Orda ilk turlarda meydanda oldum. Stadionlar çox pis olduğundan yenidən ağrılarım başladı. Onlardan müalicə olunmağımı istədim. Amma mənə kömək etmədilər. Üstəlik, maddi problemlər oldu. Maaşlar verilmədi və məcburiyyət qarşısında oynamadığımdan qayıtdım.
- Baş verənlərdən sonra yenidən legioner həyatı yaşamaq istəyərsən?
- Əslində, istəyərəm. Karyeramın yüksəlişi üçün əlverişli yer olsa, gedərəm. Təbii ki, getdiyim klubda yaxşı şərait olmalıdır.

- Bəs “Araz-Naxçıvan”ı mövsümün sonunda neçənci yerdə görürsən?
- Yer olaraq dəqiq bir şey deyə bilmərəm. Bu cür davam etsək, yuxarı pillələr, medallar uğrunda oynaya bilərik. Ələ düşən fürsətlərdən maksimum yararlanmalıyıq. Bunu bacarsaq, hətta ikinci olacağımıza da inanıram.
Emin Ağa
İdman.biz
