Portuqaliya nəşri: “Qarabağ”ın futbolçularının çoxu Portuqaliyada oynayıb”

Xəbərlər
18 Dekabr 2023 18:01
2 267
Portuqaliya nəşri: “Qarabağ”ın futbolçularının çoxu Portuqaliyada oynayıb”

Portuqaliyalılar “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya rəqib olmasını dəyərləndiriblər.

İdman.biz xəbər verir ki, “orogo.pt” Azərbaycan çempionunun aparıcı simalarının bu ölkədə forma geyindiklərini vurğulayıblar.

Bildirilib ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda hazırda Azərbaycan çempionatında liderdir və onlar Avropa Liqasının qrup mərhələsinin H qrupunda “Bayer”dən sonra 2-ci pilləni tutublar: “Qarabağ”ın əksər futbolçuları Portuqaliyada oynayıblar. Mateus Silva “Feyrense” və “Moreirense”, Kevin Medina “Viseu” və “Çaveş”in, Leandro Andrade “Olhanense”, Patrick Andrade isə “Moreirense” və “Famalikau”nun formasını geyinib. Julio Romao “Santa Klara”da, Riçard Almeida “Jil Visente”də çıxış edib. Juninyo Olavio “Eştoril” və “Şaveş”in, Hamidu Keyta isə “Santa Klara”nın şərəfini qoruyub. Buna görə onları bizim üçün tanış sima saymaq olar”.

Yazıda “Braqa”nın heç vaxt Azərbaycan klublarına qarşı oynamadığını, “Qarabağ”ın “Sportinq”ə qarşı uğursuz matçları (0:2, 1:6) diqqətə çatdırılıb.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununa səfərdə çıxacaq. Matç fevralın 15-də baş tutacaq. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda baş tutacaq.

Emin Ağa
İdman.biz