Rəşad Sadıqov: “Nəticəyə hesablanmış futbol oynatmıram”

Xəbərlər
16 Dekabr 2023 20:56
1 011
Rəşad Sadıqov: “Nəticəyə hesablanmış futbol oynatmıram”

“Gərgin matçın şahidi olduq. Meydanda taktiki savaş gedirdi. Ani diqqətsizlikdən qol buraxdıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVII turunda uduzan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan paytaxt klubunun çalışdırıcısı qoldan sonra daha yaxşı oynadıqlarını bildirib: “Qol buraxdıqdan sonra üstünlük bizim tərəfə keçdi. Amma ələ düşən qol imkanlarından istifadə edə bilmədik. Bir neçə gün sonra “Turan Tovuz”la kubokda qarşılaşacağıq. Qısa müddətdə eyni rəqiblə oynamaq heç bir komanda üçün xoş deyil. Vaxtımız azdır. Əvəzində rəqibin əhval-ruhiyyəsi yüksək olacaq. Ancaq biz oyuna köklənəcəyik. "Turan Tovuz" səfərdə daha yaxşı oynayır. Hər hansı üstünlüyümüz olmayacaq”.

Rəşad Sadıqov “Zirə”nin daha çox müdafiə olunması ilə bağlı suala cavab verib. O, rəqiblərdən asılı olaraq, taktika seçdiklərini bildirib: “Müdafiə futbolu oynatmıram. Ola bilər ki, "Sabah" və ya "Qarabağ"a qarşı müdafiə olunmuşuq. Digər rəqiblərlə matçlarda isə fərqli futbol nümayiş etdirmişik. Qol vura bilmirik, bu, başqa məsələdir. Bunun üzərində işləyirik. Göstərdiyimiz oyunla nəticə arasında balans düzgün deyil. Nəticəyə hesablanmış futbol oynatmıram. Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki. Biz arxada ötürmə ilə oynamağı xoşlayırıq. Mənim oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”.

Qeyd edək ki, “Zirə” ardıcıl 4-cü dəfə meydanı qələbə qazanmadan tərk edib.

İdman.biz