AFFA "Qəbələ"yə 700 min manatdan əlavə, təlim-məşq toplanışları üçün də ödəniş edib

Xəbərlər
4 İyul 2025 13:00
42
AFFA "Qəbələ"yə 700 min manatdan əlavə, təlim-məşq toplanışları üçün də ödəniş edib

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli "Qəbələ" Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırmasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, milli assosiasiya rəsmisi bu barədə "Report"a açıqlama verib.

O bildirib ki, 2024-cü ilin iyununda keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib: "Elə həmin iclasda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulmuşdu. 700 min manatın son hissəsi mayın sonunda klubun hesabına köçürüldü. Bundan başqa, il ərzində, demək olar ki, bütün yaş qrupları üzrə milli komandalarımızın Qəbələdə təlim-məşq toplanışları təşkil olunub. Hətta aşağı yaş qrupları üzrə milli komandalarımızın Qəbələdə beynəlxalq yoldaşlıq görüşləri də keçirilib. 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa kimi Qəbələdə aşağı yaş qruplarından ibarət milli komandaların təlim-məşq toplanışlarına 265 min 918 min manat xərclənib ki, bunda da məqsəd “Qəbələ” klubuna dəstək idi. Ötən ilin noyabrında A milli komandanın Estoniya ilə oyunundan əvvəl isə Qəbələ şəhər stadionunda təmir işlərinə və səsləndirmə sisteminin yenidən qurulmasına xeyli vəsait xərclənib".

Qeyd edək ki, "Qəbələ" klubu akademiyanın fəaliyyətinin məhdudlaşdırıldığını ötən gün açıqlayıb.