Nadir Nəbiyev: “Məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil”

Xəbərlər
12 Dekabr 2025 20:22
75
Nadir Nəbiyev: “Məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil”

“Qarabağ” Çempionlar Liqasının altıncı turunda Bakıda “Ayaks”la qarşılaşıb.

İdman.Biz bildirir ki, Ağdam klubu niderlandlılara uduzub – 2:4.

Millinin sabiq futbolçusu, Qərb Regional Futbol Federasiyasının rəhbəri Nadir Nəbiyev “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirib.

“Qarabağ“a inam böyük idi. Komanda oyuna da yaxşı başladı, qol vurdu. Rəqibdən üstün futbol sərgiləyirdilər. İkinci hissədə də pis oyun alınmadı. “Ayaks” son 15 dəqiqədə üstünlüyü ələ alıb qollar vurdu və qələbə qazandı“, - Nəbiyev deyib.

Mütəxəssis Qurban Qurbanovun Nəriman Axundzadəni meydana buraxmasına görə tənqid edilməsinə də toxunub: “Qurban müəllim ilk dəfə deyil ki, belə əvəzetmələr etsin. Dəfələrlə oyuna sonradan daxil olan futbolçular qələbə qolunu vurublar. Razıyam, əvəzetmələr bu dəfə yaxşı təsir göstərmədi. Amma məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil. Hücumda yaxşı fürsətlər boşa verildi, müdafiədə boşluqlar oldu və rəqib bundan yararlandı“.

Nəbiyev komandanın pley-off şanslarını da dəyərləndirib: “Ayntraxt”la oyunda qələbə mütləqdir. Bundan əlavə, digər rəqiblərin də nəticələri önəmli olacaq. Çətindir, amma şanslar qalır. Ümid edirəm, “Qarabağ” sonda yenə azarkeşlərini sevindirəcək”.

İdman.Biz