Qurban Qurbanov: “Çempionlar Liqasında istənilən nəticəni gözləmək lazımdır”

Xəbərlər
11 Dekabr 2025 00:39
52
Qurban Qurbanov: “Çempionlar Liqasında istənilən nəticəni gözləmək lazımdır”

“Rəqibi təbrik edirəm. Futbolçularımdan razı qaldım. Son illər belə sürətli oyun nadir hallarda olur”.

İdman.Biz-in məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayaks”la oyundan sonra mətbuat konfransında deyib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunun Bakıda keçirilən oyunu 4:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq da var idi və sürətdə məğlub olduq.

Bu cür komandalar səhvləri bağışlamır. UEFA Çempionlar Liqasında istənilən nəticəni gözləmək lazımdır. Meydanda döyüşərək məğlub olduq. Heç-heçə haqqında düşünmürdük. Qalibiyyət barədə fikirləşirdik. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə qələbə çatmadı. Belə nəticələrə hazır olmaq lazımdır.

Çox yaxşı qol şanslarımız var idi. Amma yararlana bilmədik. Rəqib bizə nisbətən daha yaxşı yararlandı. Sonradan meydana girən futbolçulardan tam razı qalmadım. Daha yaxşı ola bilərdilər. Sadəcə, bu gün alınmadı. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu”.

İdman.Biz