Vaqif Sadıqov İşçi qrupunun ilk iclasında müzakirə olunan məsələləri açıqlayıb

Müsahibə
15 Dekabr 2023 12:32
212
Vaqif Sadıqov İşçi qrupunun ilk iclasında müzakirə olunan məsələləri açıqlayıb

“İşçi qrupunun tərkibində bir sıra dəyişikliklər oldu. Azərbaycan Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov da İşçi qrupuna cəlb edildi”.

Bunu idman.biz saytına AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşməsi üçün İşçi Qrupunun ilk iclasında müzakirə etdikləri məsələləri açıqlayıb. Sadıqov bildirib ki, əsasən məqsəd və vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb: “Artıq hər birimizə icra olunması gərək işlər tapşırılıb. Təbii ki, zamanla müzakirələrimiz geniş şəkildə olacaq. Hələlik, baş məşqçiliyə namizədlərin adları dəqiqləşməyib. Bu dəfə hamı öz mövqeyini neytral olaraq saxladı”.

Vitse-prezident ilk iclasda yığmanın “sükanını” yerli mütəxəssisə həvalə olmağın vaxtının çatdığını deyib: “Əvvəllər də dediyim kimi, bu posta yerli başçılıq etməlidir. Qərar aldıq ki, hər görüşə futbol mütəxəssislərini cəlb etməliyik. Onların da fikirləri bizim üçün önəmlidir. Lakin ciddi təhlilə ehtiyac var. Müzakirələrin yekununa əsasən müəyyən addımlar atmağa başlayacayıq”.

O, İşçi qrupunun növbəti görüşünün dekabrın 26-da onlayn formada baş tutacağını da bildirib.

Qeyd edək ki, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin olunub.

Banuçiçək Hüseynli
İdman.biz