MDB Oyunlarında kamandan oxatma yarışları Azərbaycan idmançıları üçün yeganə medal gətirməyən idman növü olub.
İdman.biz xəbər verir ki, bu, qadın yığmamızın Belarus millisinə uduzmasından sonra rəsmiləşib.
Komandanın medalsız qalmasının səbəblərini öyrənmək üçün yığmanın baş məşqçisi Natiq Fazilovla danışdıq.
– Nə baş verdi? Niyə medalsız qaldıq?
– Açığı, özüm də bunu izah edə bilmirəm. Mən baş verənlərdən şokdayam! Cəmi bir həftə əvvəl eyni idmançılar toplanışda əla nəticə göstərirdilər... Əgər oradakı səviyyənin heç olmasa 70 faizini burada nümayiş etdirsəydilər, bir deyil, bir neçə medalımız olardı.
– Səbəb nə idi sizcə?
– Düzü, bilmirəm... Bütün gecəni yatmadım, analiz etdim. Ən azı iki medal planlaşdırmışdıq, şəxsən mən üç medal gözləyirdim. Amma nə edəsən ki, komandanın lideri Fətimə Hüseynli, medalına tam əmin olduğum idmançı, ən vacib anda hədəfdən kənara atdı! Bu, sadəcə insani faktordur. Axı o, Avropa çempionatının gümüş mükafatçısıdır.
– Bəlkə məşq şəraiti uyğun deyildi?
– Xeyr, bunu deməzdim. Həm toplanış, həm də məşqlər yüksək səviyyədə keçdi, komanda hər cür şəraitlə təmin olunmuşdu. Sadəcə düşünürəm ki, yaş və psixoloji amillər rol oynamış ola bilər – axı yeniyetmələrin beynində nə baş verdiyini heç kim bilmir. Amma bu, nə mənə, nə də komandamıza bəraət qazandırmır. Daha deyəcək sözüm yoxdur...
Vüqar Vüqarlı, Xankəndi