Azərbaycan millisinin baş məşqçisi: "Güləşçimiz hakimlərin müəmmalı qərarı nəticəsində uduzdu"

Xəbərlər
9 Sentyabr 2025 17:34
40
Azərbaycan millisinin baş məşqçisi: "Güləşçimiz hakimlərin müəmmalı qərarı nəticəsində uduzdu"

"Azərbaycan güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsinin final görüşündə hakimlərin müəmmalı qərarı nəticəsində uduzub".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.

O, yığma üzvlərinin nəticələrini dəyərləndirib: "Mərakeşdə böyüklər arasında təşkil olunan Dünya Seriyasında iki idmançımız - Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) iştirak etdi. Vüsal yarışa pley-off mərhələsindən başladı və qrupa vəsiqə qazandı. Daha sonra yarımfinala yüksəldi və burada rəqibi Yunanıstan idmançısı oldu. Bu görüşdə Vüsal son saniyələrə qədər hesabda 1:0 irəlidə idi. Qarşılaşmanı üstün keçirməsinə rəğmən, son anda hakimlərin müəmmalı qərarı ilə hesab 1:1 oldu və sonradan məğlubiyyətlə üzləşdi. Lakin üçüncü yer uğrunda mübarizədə inamlı qələbə qazandı. İbrahim Yusubov isə yarışa A qrupunda start verdi. O, ilk iki görüşdə qələbə qazansa da, üçüncüdə İran təmsilçisinə məğlub oldu. Ancaq hazırda reytinqdə İbrahim Yusubov ikinci, Vüsal Əliyev isə üçüncüdür".

Mütəxəssis qarşıdakı planlardan da danışıb: "Dünya Seriyasının növbəti mərhələsi Yunanıstanda keçiriləcək. Həmin yarışda yenə də eyni idmançılarla iştirak edəcəyik. Final mərhələsi isə oktyabrda Misirin İsgəndəriyyə şəhərində təşkil olunacaq. Bu yarış həm də reytinq xalları verəcək. Yekun reytinq nəticələri də elə orada elan olunacaq. Həmçinin U-17 komandamız dünya çempionatına yollanacaq. Turnirdə 8 oğlan, 2 qız idmançı ilə iştirak edəcəyik. Tarixdə ilk dəfə Azərbaycan çimərlik güləşində qızlarla təmsil olunacaq. Bu, 2026-cı ildə keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunları öncəsi bizim üçün önəmli sınaq olacaq".

Qeyd edək ki, Kasablankada təşkil olunan Dünya Seriyasında Vüsal Əliyev (80 kq) fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb. İbrahim Yusubov (90 kq) isə qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.

İdman.biz