Qeyri-olimpiya kateqoriyasında 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda Serbiya təmsilçisi Georgi Tibilovu məğlub edib - 4:1.
İdman.biz xəbər verir ki, Murad da dünya çempionatında finala çıxıb və qızıl uğrunda mübarizəni davam etdirir.
-------
19:34
Azərbaycanın 3-cü güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İdman.biz xəbər verir ki, bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.
Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.
--------
17:45
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
İdman.biz xəbər verir ki, Həsrət Cəfərov (67 kq çəki dərəcəsi) 1/4 finalda İran təmsilçisi Məhəmmədrza Gerainə 10:0 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.
Daha əvvəl yarımfinala digər güləşçimiz - Murad Məmmədov yüksəlib.
---------
17:12
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (63 kq çəki dərəcəsi) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib.
İdman.biz xəbər verir ki, idmançımız 1/4 finalda erməni Qraçya Poqosyana 3:1 hesabı ilə qalib gəlib.
--------
16:49
Azərbaycanın iki yunan-Roma güləşçisi güləş üzrə dünya çempionatında 1/4 finala yüksəlib.
İdman.biz xəbər verir ki, bu gün 67 kq-a qədər olimpiya çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov Edson Quttiereyə (Meksika) və İştvan Vança (Macarıstan) qalib gəlib.
Qeyri-olimpiya kateqoriyasında 63 kq çəki dərəcəsində Murad Məmmədov çıxışına ikinci dövrədən başlayıb. O, Xavyer Consonu (ABŞ) məğlub edərək 1/4 finala da yüksəlib.
İslam Abbasov (87 kq) öz növbəsində Viorel Burduya (Moldova) və Bəşid Azar (Əlcəzair) üzərində qələbə qazansa da, 1/8 finalda David Losonciyə (Macarıstan) məğlub olub.
Qeyd edək ki, hazırda ölkənin yunan-Roma güləşi üzrə yığmasının heyətində bir lisenziya, həmçinin iki qızıl və gümüş mükafat var. Parisə lisenziyaları dünya çempionatının gümüş mükafatçısı Sənan Süleymanov (77 kq) və çempionlar Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qazanıblar.
Zəki Feyzullayev
İdman.biz