Rusiya güləşçilərindən uğurlu çıxış - DÇ-də günün nəticələri

Təhlil
19 Sentyabr 2023 12:01
84
Rusiya güləşçilərindən uğurlu çıxış - DÇ-də günün nəticələri

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Sərbəst növdə daha 4 çəkidə qızıl medalçılar müəyyənləşib.

İdman.biz növbəti qaliblər haqqında yazını sizə təqdim edir.

57 kq çəki dərəcəsində final görüşündə yaponiyalı Rey Xiquti finalda serbiyalı Stevan Miçiçlə üz-üzə gəlib. Olimpiya mükafatçısı və ötən mundialın 61 kq-da qalibi olan asiyalı bu dəfə fərqli çəkidə də finala yüksəlməyi bacarıb. Amma Rey ötən mundialın bürünc mükafatçısı Miçiç ilə bacarmayıb. Gərgin keçən döyüş serbiyalının 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Rusiyalı idmançılardan uğurlu çıxışlar

74 kq çəkidə finalda isə neytral bayraqda çıxış edən Rusiya güləşçisi Zaurbek Sidakovla ABŞ idmançısı Deyk Kayl üz-üzə gəlib. 2019-cu ildən mundiallarda iştirak etməyən və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının qalibi olan rusiyalı 4 qat dünya çempionu olan rəqibini məğlub edib.

79 kq çəki dərəcəsində də onun komanda yoldaşı Əhməd Usmanovun zəfəri qeydə alınıb. O, gürcüstanlı gənc idmançı Vladimir Qamkelidzeyə 4:1 hesabı ilə qalib gəlib.

Azərbaycanlı güləşsevərlərin maraqla gözlədiyi 92 kq çəki dərəcəsinin final görüşündə idmançımız Osman Nurmaqomedov qazaxıstanlı Rizabek Aytmuxanla güləşib. 5:2 hesabı ilə qalib gələn Rizabek karyerasında ilk qızıl medala sahib çıxıb. Bu Osmanın ötən mundiallarda qazandığı 2 bürünc medaldan sonra ilk gümüş olub.

Medal sıralamasına 3 qızıl, 1 gümüş, 2 bürünc medalla ABŞ başçılıq edir. Neytral bayraq altında çıxış edən Rusiya idmançıları 2 qızıl, 1 gümüş medalla 2-cidir.

Bu gün sərbəst güləş üzrə yarışlara yekun vurulacaq.

Emin Ağa

İdman.biz