“İslam Abbasovu millimizin iranlı məşqçilər korpusu bu günə qoydu”.
Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.
O, İslam Abbasovun son yarışlardakı uğursuzluğunun səbəbini açıqlayıb. Məmmədovun sözlərinə görə, Bakıdakı Avropa Olimpiya Təsnifat Turnirində 87 kq-da mübarizə aparan güləşçi psixoloji cəhətdən problem yaşayır: “İslam 21-22 yaşında Olimpiya və dünya çempionunu üstələyirdi. O vaxt millimizdə Saman Təhmasibi adında iranlı güləşçi yer alırdı. Yığmanın baş məşqçisi Cəmşid Xeyrəbadi həm də onun şəxsi məşqçisi idi. 87 kq-da da həmyerlisinə güvəndi. Bu da Abbasovun “sınmasına” səbəb oldu. Sonradan İslam özünü toparlayıb, Olimpiya Oyunlarında medal da qazana bilərdi. Amma onda bir qədər geriləmə oldu. Xeyrəbadinin haqsızlığından sonra özünü toparlaya bilmədi. İndi düzəlirdi. Dünya çempionatında lisenziyanı təmin edə bilərdi. Amma yenə alınmadı. Mən bunu onun psixologiyası ilə bağlayıram. Medalın və ya lisenziyanın 1 addımlığında “sınır” və uğur qazana bilmir”.
Qeyd edək ki, İslam Abbasov Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında danimarkalı Turpal Bisultanova uduzub.
Emin Ağa
İdman.biz