Aleksandr Tarakanov: “Güləşçilərimiz düzgün yolda olduqlarını sübuta yetirdilər”

Xəbərlər
16 Fevral 2024 00:38
257
Aleksandr Tarakanov: “Güləşçilərimiz düzgün yolda olduqlarını sübuta yetirdilər”

“Daha yüksək nəticəyə köklənmişdik. Bəzi idmançıların zədəli olması öz təsirini göstərdi”.

Bunu İdman.bizə Avropa çempionatında rekord vuraraq, Bakıya qayıdan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

O, qitə birinciliyində əldə olunan tarixi nəticəni şərh edib. Rusiyalı mütəxəssis komandanın daha yaxşı nəticə qazanmaq iqtidarında olduğunu bildirib:
"Avropa çempionatında güləşçilərimiz düzgün yolda olduqlarını sübuta yetirdilər. Onlar daha yaxşı nəticələr qazanmaq iqtidarındadırlar. Federasiya rəhbərliyi bizim üçün bütün şəraiti yaradıb. Hazırlıq dövründə və yarışlarda hər şeylə təmin olunuruq. Hər hansı problemdən söz gedə bilməz. Bütün yarışlarda ən yaxşı nəticəni göstərib, bizə bəslənən ümidləri doğrultmağa çalışırıq. İdmançılar Avropa çempionatında uğurlu çıxış edərək, 3 qızıl medal qazandılar. Bu, yunan-Roma güləşçilərinin Azərbaycan güləş tarixində Avropa çempionatında ən yüksək nəticəsidir".

Onun sözlərinə görə, bəzi uşaqlar zədə üzündən istənilən nəticələri qazana bilməyilər: "Qarşıda bizi Paris-2024 Yay Olimpiya Oyunları gözləyir. Olimpiadada geniş heyətlə təmsil olunmağı arzulayırıq. Komanda üzvləri qarşıda duran vəzifələri yaxşı başa düşür və səylə hazırlaşırlar. Məşqçi heyəti də məsuliyyəti yaxşı anlayır. Məhz bu vəhdət sayəsində uğurlara imza atırıq. Bu istiqamətdə davam edəcəyik. Ümid edirəm, gələcəkdə də beynəlxalq yarışlarda Azərbaycanın himni səsləndirəcək və bayrağını yüksəklərdə dalğalandıracağıq. İsti qarşılanmaya görə, hamıya təşəkkür edirəm. Bu, çox xoşdur və bizə əlavə motivasiya verir”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: