Ermənistan mətbuatı azərbaycanlı güləşçini Amoyana ciddi rəqib hesab edir - VİDEO

23 Oktyabr 2026 11:59
138
Ermənistan mətbuatı azərbaycanlı güləşçini Amoyana ciddi rəqib hesab edir - VİDEO

Ermənistanın "Sportaran" idman nəşri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanovu (77 kq) oktyabrın 24-də Astanada start götürəcək dünya çempionatında Malxas Amoyanın əsas rəqiblərindən biri kimi göstərib.

İdman.Biz xəbər verir ki, hazırkı dünya çempionunun əsas rəqiblərinə həsr olunan yazıda Süleymanov Ermənistan təmsilçisi üçün ən çətin rəqiblərdən biri kimi xarakterizə olunub.

“Erməni güləşçinin ən prinsipial rəqiblərindən biri Sənan Süleymanov olaraq qalır. Azərbaycanlı idmançı 2023-cü il dünya çempionatının gümüş medalçısıdır, Parisdə keçirilən Olimpiya Oyunlarında isə beşinci yeri tutub. Xüsusilə diqqətçəkən məqam Süleymanovun Amoyanla şəxsi görüşlərdə üstünlüyə malik olmasıdır: Azərbaycan təmsilçisi iki dəfə qalib gəlib, Ermənistan idmançısı isə bir qələbə qazanıb”, - deyə nəşr yazıb.

Məqalə müəllifləri Süleymanovun 77 kq çəki dərəcəsində böyük təcrübəyə malik olduğunu, Amoyanın güləş üslubunu yaxşı tanıdığını və dünya çempionatında yenidən medal uğrunda mübarizə apara biləcəyini də vurğulayıblar. Azərbaycanlı güləşçi Astanadakı yarışda beşinci nömrə altında səpələnib.

Qeyd edək ki, Dünya Güləş Birliyinin (UWW) rəsmi məlumat bazasında Süleymanovla Amoyan arasında üç qarşılaşma qeydə alınıb. Onlar ilk dəfə 2016-cı ildə Buxarestdə keçirilən yeniyetmələr arasında Avropa çempionatında üz-üzə gəliblər. Həmin görüşdə Azərbaycan təmsilçisi 1/8 final mərhələsində 9:6 hesabı ilə qalib gəlib.

Altı il sonra, 2022-ci il aprelin 1-də Budapeştdə keçirilən böyüklər arasında Avropa çempionatının 1/4 finalında Amoyan revanş alıb – 6:5.

Güləşçilərin sonuncu qarşılaşması 2023-cü il sentyabrın 21-də Belqradda keçirilən dünya çempionatının yarımfinalında baş tutub. Süleymanov həmin görüşdə 5:0 hesabı ilə inamlı qələbə qazanaraq finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

İdman.Biz