Azərbaycan güləşinin inkişafına mühüm töhfələr vermiş tanınmış idman xadimi Firudin Qurbanovun 80 illik yubiley mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, oktyabrın 22-də təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra yubilyarın həyat və idman yolunu əks etdirən videoçarx nümayiş olunub.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova və Azərbaycan Güləş Federasiyasının komitə sədri Elçin Cəfərov iştirak ediblər.
Çıxış edənlər Firudin Qurbanovun Azərbaycan idmanının, xüsusilə güləş məktəbinin inkişafındakı xidmətlərindən və idmançıların yetişdirilməsindəki rolundan danışıblar.
Tədbirin sonunda yubilyar çıxış edərək şəxsi xatirələrini bölüşüb, yetirmələrinə, dostlarına və mərasimin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuş Firudin Qurbanov 1990-1992-ci illərdə İsveç millisinin baş məsləhətçisi vəzifəsində çalışıb. O, oktyabrın 24-də 80 yaşını tamamlayacaq.
