Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

22 Oktyabr 2026 22:32
106
Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri Qazaxıstanın paytaxtı Astanada yerləşən Qazaxıstan İdman Universitetinə səfər ediblər.

İdman.Biz xəbər verir ki, nümayəndə heyəti universitetin ərazisindəki idman kompleksinə və güləş akademiyasına baş çəkib.

Səfər zamanı güləşçilər üçün yaradılmış şərait, həmçinin kompleksdə digər idman növlərinin inkişafı üçün mövcud imkanlarla tanışlıq olub.

Azərbaycan nümayəndə heyətinə güləş sahəsində aparılan elmi tədqiqatlar və süni intellekt vasitəsilə həyata keçirilən analizlər barədə məlumat verilib. Qonaqlar kompleksdə tətbiq olunan müasir yanaşmalarla da maraqlanıblar.

Səfər çərçivəsində Qazaxıstan Güləş Federasiyasının nümayəndələri ilə görüş keçirilib. Tərəflər güləş sahəsində qarşılıqlı fikir mübadiləsi aparıblar.

İdman.Biz