Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş güləş üzrə U20 dünya çempionatında Azərbaycan üçün ən yaddaqalan anlardan biri Ayxan Cavadovun (60 kq) qələbəsi oldu. Yunan-Roma güləşçimiz ölkəmizə bu yarışda yeganə qızıl medalı qazandırdı. Bu, Cavadovun U20 dünya çempionatında ikinci, ümumilikdə isə dünya birinciliklərində ardıcıl üçüncü qızıl medalıdır. O, U20 yaş kateqoriyasında bu nəticəyə çatan tarixdə dördüncü Azərbaycan güləşçisi olub.
19 yaşlı idmançı İdman.Biz-ə müsahibəsində dünya çempionatına hazırlıq zamanı üzləşdiyi problemlər, uğurlu çıxışı və qarşıdakı məqsədlərindən danışıb.
- Siz bu yarışda Azərbaycan himninin səslənməsinə səbəb olan yeganə güləşçisiniz. Bu sizin üçün nə deməkdir?
- Allaha şükürlər olsun ki, Azərbaycan himninin səslənməsinə nail oldum. Bu, mənim üçün çox böyük qürur hissidir. Qələbə qazandığım an sevincimin həddi-hüdudu yox idi. Hətta deyə bilərəm ki, hər şey mənə yuxu kimi gəlirdi.
- Artıq dünya çempionatlarında üçüncü qızıl medalınızı qazanmısınız. Hər yeni qızıldan sonra məsuliyyət və təzyiq artırmı?
- Ardıcıl üç il dünya çempionatında qızıl medal qazanmaq və hər dəfə titulu qorumaq getdikcə daha çətin olur. Amma bu illər ərzində həm təcrübə, həm də psixoloji baxımdan daha da gücləndiyimi hiss edirəm. Bundan sonrakı yarışlarda daha məsuliyyətli və daha diqqətli olmalıyam. Bunun üçün əlimdən gələni edəcəyəm.
- Qazandığınız medallar arasında sizin üçün ən çətini hansı olub?
- Qazandığım uğurlar arasında ən çətinini bu il əldə etdiyimi deyərdim. Çünki ağır zədədən sonra üç-dörd ay məşq edə bilmədim. Daha sonra qısa müddətdə formaya düşmək və dünya çempionatına hazırlaşmaq mənim üçün çox çətin idi. Məşqçilərimizlə birlikdə yaxşı hazırlaşdıq və sonda istəyimizə çatdıq.
- Son Avropa çempionatında bürünc medal qazandınız. Bu nəticə dünya çempionatından qabaq motivasiyanıza necə təsir etdi?
- Avropa çempionatına zədə səbəbindən istədiyim səviyyədə hazırlaşa bilməmişdim. Dünya çempionatına hazırlaşarkən isə Avropada etdiyim səhvləri təhlil etdik, onların üzərində işlədik və nəticədə daha uğurlu çıxış edərək istədiyimiz nəticəni qazandıq.
- Qarşınıza növbəti hansı məqsədləri qoymusunuz?
- İnşallah, bu uğurları böyüklər arasında da təkrarlamaq istəyirəm. Ən böyük məqsədim isə Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır.
