Eldəniz Əzizli: “Prezidentin məni fərdi təqaüdlə mükafatlandırması böyük bir qürurdur” - MÜSAHİBƏ

Müsahibə
21 Dekabr 2023 11:12
274
Eldəniz Əzizli: “Prezidentin məni fərdi təqaüdlə mükafatlandırması böyük bir qürurdur” - MÜSAHİBƏ

Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizlinin İdman.biz saytına müsahibəsi

- Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldün. Təəssüratların necədir?

- Cənab prezident İlham Əliyevin sərəncamından sonra sevincimi ilk olara sizin saytınızla bölüşürəm. Bütün müsahibələrimdə vurğulayırdım ki, çalışacam üçüncü dəfə dünya çempionu olum. Təbii ki, ölkə başçısının olduğu çox tədbirlərdə iştirak etmişəm. Bizə hər zaman ali dərəcədə kömək edib, diqqət və qayğısı üzərimizdə olub. Bütün problemlərimizi həll edib. Cənab prezidentin məni fərdi təqaüdlə mükafatlandırması böyük bir qürurdur. Ölkə başçısına minnətdarlığımı bildirirəm. Bundan sonra da Azərbaycanın idman şərəfini layiqincə qoruyacam.

- Bunun karyeranıza əlavə bir stimul olacağını deyə bilərik?

- Bu çox böyük bir fəxr hissidir ki, məşğul olduğun işə görə səni birbaşa ölkə başçısı qiymətləndirir. Cənab prezident daim idmançıların yanında olub. Biz də bundan hər zaman əlavə stimul alırıq. Ümid edirəm ki, bundan sonra daha da yaxşı olacaq.

- Ötən ili özün üçün necə dəyərləndirirsən?

- 2023-cü ildə üçüncü dəfə dünya çempionu olmağım uğurdur. Amma Avropa çempionatında “gümüş”ü müəyyən qədər uğursuzluq saya bilərəm. Orda da zədəli olduğum üçün təlim məşq toplanışlarında iştirak edə bilməmişdim. Bu da öz təsirini göstərdi.

- Bəs yeni ilə hazırlıqlar necə gedir? Hansı yarışlarda iştirak etməyi düşünürsən?

- Artıq yanvar ayının ilk günlərində Xorvatiyada reytinq turnirində iştirak edəcəyik. Ondan sonra təlim-məşq toplantısı üçün orda qalacağıq. Bizim üçün bu il ən önəmli Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün Bakıda və Türkiyədə olan təsnifat turnirləridir. Ora hazırlaşacağıq.

- Onda çəkinizi dəyişib, olimpiya çəkisində mübarizə aparacağınız dəqiqləşib?

- Bu barədə dəqiq qərarı yanvarda təlim-məşq toplanışında verəcəyik.

- Bəs bunu məşqçilərlə müzakirə etmisiz?

- Hələlik bu barədə danışıqlar olmayıb. Tam olaraq bir araya yığılmamışıq. Almaniyada Bundesliqada iştirak etdiyim üçün məşqlərdə də iştirak etməmişəm. Gələn ay bir araya gəldikdən sonra bu barədə danışacağıq. Milli komandanın tərkibi bəlli olduqdan sonra tam qərar veriləcək.

- Yunan-Roma növündə Paris-2024 Yay Olimpiya Oyunlarına 2 lisenziyamız var. Milli komanda bu sayı neçəyə qaldıra bilər?

- Ümid edirəm ki, Avropa təsnifat turnirinin Bakıda olması bizlərə əlavə güc verəcək. Doğma divarlar arasında daha yaxşı güləşəcəyik. İdmansevərlərdən də tam dəstək gözləyəcəyik. Ən azı 3 lisenziyamız olacaq.

- Azərbaycan çempionatını tamaşaçı kimi izləyirsən. Burda iştirak edənlərin əksəriyyəti gənclərdir. Onların çıxışını necə dəyərləndirərdin?

- Düşünürəm ki, biz estafeti onlara verəcəyik. Bizdən sonra Azərbaycanın idman şərəfini daha da layiqli qoruyacaqlar.

Emin Ağa
İdman.biz