Azərbaycan Güləş Federasiyasının (AGF) keçirdiyi “Güləş Qarabağda” kampaniyası başa çatıb.
AGF-dən İdman.Biz-ə bildirilib ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə gerçəkləşən kampaniyanın son dayanacağı Füzuli olub. Güləşin ulduzları bu rayonun IV Qayıdış qəsəbəsində yerləşən güləş zalında yeniyetmə və gənc idmançılarla görüşüblər.
Onlar gələcəyin pəhləvanlarını daim əzmkarlıq nümayiş etdirməyə, mübariz, nizam-intizamlı olmağa və yüksək hədəflərə doğru inamla addımlamağa səsləyiblər. Federasiyanın inventar dəstəyi ilə fəaliyyətini davam etdirən güləş zalının məşqçisi Vüsal Eminov bu görüşün gənc nəslə böyük motivasiya olduğunu qeyd edib. Daha sonra yeniyetmə və gənc güləşçilərə federasiyanın hədiyyələri təqdim edilib.
Bununla da “Güləş Qarabağda” kampaniyasına yekun vurulub.
Xatırladaq ki, kampaniya çərçivəsində nümayəndə heyətinin iştirakı ilə Xankəndi, Laçın, Şuşa və Füzulidə təbliğat-təşviqat xarakterli tədbirlər keçirilib.
Qeyd edək ki, kampaniyanın məqsədi işğaldan azad edilmiş torpaqlarda güləşi təbliğ etmək, populyarlığını artırmaq, maariflənməni genişləndirmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdən ibarət olub.
