İspaniyanın “Barselona” futbol klubunun sabiq müdafiəçisi, hazırda “Selta”da çıxış edən Markos Alonso Xavi Ernandesin Kataloniya təmsilçisindəki məşqçilik fəaliyyətindən danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu “El Camino de Mario” podkastında sabiq baş məşqçisinin üstün və zəif cəhətlərini açıqlayıb.
“Düşünürəm ki, klubu yaxşı tanıması və uzun illər burada futbolçu kimi çıxış etməsi ona “Barselona”nın ruhunu bizim kimi komandaya yeni gələn və klubu yaxından tanımayan futbolçulara aşılamağa imkan verirdi.
Əsas çatışmazlığı isə, bəlkə də, təcrübəsizliyi idi. Məşqçilik fəaliyyətinə başlamasından çox vaxt keçməmişdi. O, Qətərdə çalışmışdı. Açığı, həmin dövrdə “Barselona”ya rəhbərlik etmək heç bir məşqçi üçün asan olmazdı”, - deyə Alonso bildirib.
Qeyd edək ki, Alonso 2022-ci ildə məhz Xavinin istəyi ilə “Barselona”ya transfer olunub və Kataloniya klubunda iki mövsüm çıxış edib.
