“Atletik”in sabiq müdafiəçisi Fernando Amorebieta Lionel Messi və Andres İnyestaya qarşı etdiyi kobud qayda pozuntularından danışıb.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, sabiq futbolçu “Los Fulanos” podkastında karyerasının ən mübahisəli epizodlarını xatırlayıb.
2009/2010 mövsümündə “Atletik” və “Barselona” arasında 1:1 hesabı ilə başa çatan qarşılaşmada Amorebietanın butsası Messinin üzünə dəyib. Lakin hakim həmin epizodda heç qayda pozuntusu da qeydə almayıb.
“Topu ayağımın ucu ilə uzaqlaşdırdım və ayağımı irəli uzatdım. Messi raket kimi gəlirdi, bir qədər sürüşdü və ayağımı aşağı salmağa vaxtım olmadı. Hakim heç qayda pozuntusu da qeydə almadı. İndi buna görə qırmızı vərəqə alardım.
Messini yerdə görəndə nə etdiyimi anladım. Butsamın dişlərindən birinin az qala onun üzünə batdığını gördüm. Hakimin fiti səslənməyəndə cəzadan yayındığımı düşündüm”, - deyə Amorebieta bildirib.
Bir mövsüm sonra isə müdafiəçi İnyestaya qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Həmin qarşılaşma “Barselona”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Amorebietanın fikrincə, Messi ilə bağlı epizodda VAR sistemi olsaydı, meydandan qovulardı. İnyestaya qarşı qayda pozuntusu isə sarı vərəqə ilə cəzalandırıla bilərdi.
Sabiq müdafiəçi həmin hadisədən sonra Bilbao klubunun azarkeşlərinin İnyestanı fitə basmalarını da düzgün hesab etməyib.
“Bu qədər böyük işlər görmüş futbolçunu fitə basırdılar. Onun əvəzinə məni fitə basa bilərdilər”, - deyə Amorebieta əlavə edib.
Qeyd edək ki, Fernando Amorebieta karyerası ərzində “Atletik”in heyətində 254 qarşılaşmada iştirak edib.
