“Valensiya” “Arsenal”ın qapıçısını İspaniyaya qaytarmaq istəyir

25 Noyabr 2026 22:22
37
“Valensiya” “Arsenal”ın qapıçısını İspaniyaya qaytarmaq istəyir

İspaniyanın “Valensiya” futbol klubu İngiltərənin “Arsenal” komandasının qapıçısı Kepa Arrizabalaqanın transfer imkanlarını araşdırır.

İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı qolkiperə hələlik rəsmi təklif göndərilməyib.

Ötən yay daha çox oyun şansı qazanmaq üçün London klubundan ayrılmağı düşünən Kepa sonda komandada qalaraq David Rayanın əvəzləyicisi olmağa razılaşıb.

Lakin Rayanın çiyin nahiyəsindən zədələnməsi Kepaya əsas heyətdə çıxış etmək imkanı yaradıb. O, İngiltərə Premyer Liqasında “Nyukasl”la qarşılaşmanın son 20 dəqiqəsində meydana çıxıb və UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə görüşə start heyətində başlayıb.

İspaniyalı qapıçı İngiltərədəki vəziyyətindən razı olsa da, rəsmi təklif alacağı təqdirdə gələcəyini “Arsenal” rəhbərliyi ilə müzakirə edə bilər.

“Valensiya” isə qış transfer pəncərəsində az oyun şansı qazanan icarədəki qapıçısını əvəzləmək üçün yeni futbolçu axtarır. Bununla belə, İspaniya klubunun hazırkı transfer prioriteti hücum xəttini gücləndirməkdir.

Qeyd edək ki, Kepanın “Arsenal”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

İdman.Biz