“Lester”in sahibləri klubun satışından imtina etdilər

20 Noyabr 2026 00:36
36
“Lester”in sahibləri klubun satışından imtina etdilər

İngiltərə Birinci Liqasında mübarizə aparan “Lester”in sahibləri klubu satmaq fikrindən daşınıblar.

İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, klub rəhbərliyi potensial alıcıların axtarışını dayandırıb və bu barədə əməkdaşları məlumatlandırıb.

Sahiblər bundan sonra əsas diqqəti komandanın daha yüksək liqaya qaytarılmasına yönəltmək niyyətindədirlər.

Avqustda “Lester”in 200-300 milyon dollara satışa çıxarıldığı bildirilmişdi. “Citigroup” investisiya bankı potensial alıcılar üçün klubun aktivlərini əks etdirən təqdimat hazırlamışdı.

Təqdimata kişi və qadın komandaları, akademiya, “Kinq Pauer” stadionu, “Siqreyv” və “Belvuar Drayv” məşq bazaları, stadionun yaxınlığındakı torpaq sahəsi, həmçinin eyni şirkətə məxsus Belçikanın “Aud-Heverle Leuven” klubu daxil edilmişdi.

“Lester” 2010-cu ildən tailandlı iş adamları Şrivaddanaprabha ailəsinə məxsusdur. Komanda 2015/16 mövsümündə tarixində ilk dəfə İngiltərə çempionu olub, 2021-ci ildə isə ölkə kubokunu qazanıb. Klub həmçinin üç dəfə İngiltərə Liqa Kubokunun, iki dəfə isə ölkə Superkubokunun qalibi olub.

Qeyd edək ki, klubun əvvəlki sahibi Vişay Şrivaddanaprabha 2018-ci ilin oktyabrında “Lester”in stadionundan havaya qalxan helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

İdman.Biz