“Mançester Yunayted” maliyyə böhranında: zərər üçqat artdı, borc 775 milyon dollara çatdı

19 Noyabr 2026 23:57
38
“Mançester Yunayted” maliyyə böhranında: zərər üçqat artdı, borc 775 milyon dollara çatdı

“Mançester Yunayted”in maliyyə vəziyyəti ilə bağlı yeni rəqəmlər açıqlanıb. İngiltərə klubunun son rübdə xalis zərəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə artıb.

İdman.Biz klubun rəsmi maliyyə hesabatına istinadən xəbər verir ki, sentyabrın 30-da başa çatan üç aylıq dövrdə xalis zərər 6,6 milyon funt sterlinqdən 18,1 milyon funt sterlinqə yüksəlib. Bu, 174,2 faizlik artım deməkdir.

Maraqlıdır ki, eyni dövrdə klubun ümumi gəlirləri 4,1 faiz artaraq 146,1 milyon funt sterlinq təşkil edib. Lakin gəlirlərin yüksəlməsi maliyyə itkilərinin qarşısını ala bilməyib.

“Mançester Yunayted”in əməliyyat nəticələrində də ciddi geriləmə qeydə alınıb. Ötən ilin müvafiq dövründə 13 milyon funt sterlinq əməliyyat mənfəəti əldə edən klub bu dəfə üç milyon funt sterlinq zərərə düşüb.

Futbolçu satışlarından əldə edilən mənfəət də kəskin azalıb. Bu göstərici 45 milyon funt sterlinqdən 20,7 milyon funt sterlinqə enib.

Klubun dollarla ifadə olunan uzunmüddətli borcu isə bir il ərzində 650 milyon dollardan 775 milyon dollara yüksəlib. Beləliklə, borc 125 milyon dollar və ya 19,2 faiz artıb. Artım iyun ayında həyata keçirilən kreditlərin yenidən maliyyələşdirilməsi ilə əlaqələndirilir.

Maliyyə göstəricilərinin pisləşməsi komandanın İngiltərə Premyer Liqasındakı uğursuz çıxışı fonunda baş verir. “Mançester Yunayted” hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Maykl Karrikin gedişindən sonra baş məşqçi postuna gətirilən Maurisio Poçettinonun qarşısında komandanı təhlükəli zonadan uzaqlaşdırmaq vəzifəsi dayanır.

Klub rəhbərliyi isə maliyyə dayanıqlılığı qaydalarına əməl etdiyini və 2027 maliyyə ili üzrə gəlir proqnozunu dəyişmədiyini açıqlayıb.

İdman.Biz