“Mançester Siti” qalmaqalı böyüyür: Premyer Liqa klublarından mühüm qərar

19 Noyabr 2026 19:51
30
“Mançester Siti” qalmaqalı böyüyür: Premyer Liqa klublarından mühüm qərar

“Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı qalmaqal İngiltərə Premyer Liqasında yeni qərarın qəbul olunmasına səbəb olub.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, Premyer Liqa klubları təşkilatın icraçı direktoru Riçard Masters və daha dörd rəhbər şəxsin mümkün məhkəmə xərclərini qarşılamaq barədə razılığa gəliblər.

Qərar “Mançester Siti”nin sponsorlarının liqa rəhbərlərinə qarşı şəxsən məhkəmə iddiası qaldırmaq ehtimalı ilə əlaqədardır.

London şəhərində keçirilən toplantıda klublar müvafiq təklifi səsverməyə çıxarıblar. Qəbul edilən qərara əsasən, sponsorlar hüquqi prosesə başlayacağı təqdirdə, rəhbər şəxslərin müdafiəsi ilə bağlı xərclər klublar tərəfindən qarşılanacaq.

Xatırladaq ki, sentyabrda müstəqil komissiya “Mançester Siti”ni 2009-2018-ci illərdə maliyyə qaydalarının 114 dəfə pozulmasında təqsirli bilib. Araşdırmada klub sahiblərinin investisiyalarının sponsorluq gəlirləri adı altında gizlədildiyi müəyyən edilib.

Bundan sonra klubun əsas sponsorlarından “Etihad Airways” və telekommunikasiya şirkəti “Etisalat” Premyer Liqaya qarşı hüquqi addımlar atmaq imkanlarını nəzərdən keçirdiklərini açıqlayıblar.

“Mançester Siti” isə ittihamları qəbul etmir və komissiyanın qərarından apellyasiya şikayəti verib. Apellyasiya prosesinin ilin sonuna qədər keçirilməsi gözlənilir.

İdman.Biz