FIFA 2030-cu il dünya çempionatında reklam fasilələrini saxlaya bilər

19 Noyabr 2026 13:38
34
FIFA 2030-cu il dünya çempionatında reklam fasilələrini saxlaya bilər

FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatında futbolçuların su içməsi üçün nəzərdə tutulan fasilələri saxlamağı planlaşdırır.

İdman.Biz “The Guardian” nəşrinə istinadla xəbər verir ki, 2030-cu il dünya çempionatının televiziya yayım hüquqları ilə bağlı yayımçılara təqdim olunan sənədlərdə su fasilələri zamanı reklam yayımlamaq imkanına da yer verilib. Bu isə həmin fasilələrin növbəti mundialda da tətbiq oluna biləcəyinə işarədir.

Bununla belə, FIFA hələlik 2030-cu il mundialında su fasilələrinin tətbiqi ilə bağlı yekun qərar vermədiyini bildirib. Sənədlərdə həmçinin temperaturun 28 dərəcəyə çatdığı hallarda oyunun 90 saniyədən üç dəqiqəyədək dayandırılmasını nəzərdə tutan soyutma fasilələrindən də bəhs olunur.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında hər hissənin ortasında üç dəqiqəlik su fasilələri tətbiq edilib. Bu fasilələr yayımçılar üçün də ciddi kommersiya imkanları yaradıb. “The Hollywood Reporter” nəşrinin məlumatına görə, həmin fasilələr zamanı yayımlanan reklamlar bir oyunda 2-9 milyon dollar (3,4-15,3 milyon manat) gəlir gətirib.

FIFA 2026-cı il mundialında bu reklam gəlirlərindən birbaşa pay əldə etməsə də, 2030-cu il üçün yayım hüquqlarının satışında su fasilələri əlavə kommersiya üstünlüyü yarada bilər.

İdman.Biz