“Barselona” qış transfer pəncərəsində heyətini yeni mərkəz müdafiəçisi ilə gücləndirməyi planlaşdırır.
İdman.Biz “ARA” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi yanvarda təcrübəli və sol ayağı ilə oynayan müdafiəçi transfer etmək üçün bazarı araşdırır.
Klub daxilindəki mənbələrin məlumatına görə, əsas məqsəd mövsümün ikinci yarısında müdafiə xəttində alternativləri artırmaqdır. Lakin maliyyə məhdudiyyətləri səbəbindən “Barselona” yüksək məbləğli transfer deyil, daha münasib variant axtarır.
Müdafiənin gücləndirilməsi zərurəti Pau Kubarsinin İspaniya millisinin düşərgəsində zədələnməsindən sonra daha da aktuallaşıb. Gənc futbolçunun qalça nahiyəsində əzələ yüklənməsi aşkarlanıb və onun noyabrın 22-də “Vilyarreal”la keçiriləcək oyunda iştirakı sual altındadır.
Baş məşqçi Hans-Diter Flik Kubarsinin yoxluğunda Andreas Kristensen, Jerar Martin, Erik Qarsiya və Frenki de Yonq arasında seçim etməli ola bilər.
Yeni müdafiəçinin transferi Aleks Baldenin komandadan ayrılmasından da asılıdır. İspaniyalı futbolçu ilə “Roma” və “Yuventus” maraqlanır. Onun gedişi klubun maaş büdcəsində əlavə imkan yarada bilər.
Qeyd edək ki, İniqo Martinesin ayrılmasından sonra “Barselona”nın mərkəz müdafiəsində sabitlik problemi yaranıb. Klub rəhbərliyi mövsümün qalan hissəsində bu çatışmazlığı aradan qaldırmaq niyyətindədir.
