“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın aparıcı futbolçularının Sevilyadan dərhal qayıtmaq istəyindən narazı qalıb. Almaniyalı mütəxəssis hesab edir ki, bu qərar futbolçuların istirahətinə və növbəti oyunlara hazırlığına mənfi təsir göstərib.
İdman.Biz jurnalist Sike Rodriqesə istinadən xəbər verir ki, narazılığa “Real Betis”lə qarşılaşmadan sonra yaşanan hadisələr səbəb olub.
Məlumata görə, “Barselona”nın təcrübəli futbolçuları oyundan dərhal sonra evə qayıtmağa üstünlük veriblər. Lakin komanda təyyarədə təxminən dörd saat gözləməli olub. Əlverişsiz hava şəraiti səbəbindən uçuş baş tutmayıb və futbolçular gecəni Sevilyada keçirməyə məcbur olublar.
Flik hesab edir ki, səfərin bu şəkildə planlaşdırılması oyunçuların bərpasına mane olub. Baş məşqçinin narazılığı da məhz futbolçuların dərhal qayıtmaq istəyinin gözlənilən nəticəni verməməsi ilə bağlıdır.
Almaniyalı mütəxəssis “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olduqları El-Klasikodan sonra komandanın fiziki vəziyyətinə toxunub. O, sıx oyun qrafikinin və səfər zamanı yaşanan çətinliklərin futbolçuların meydandakı intensivliyinə təsir etdiyini etiraf edib. Bununla belə, Flik həmin problemləri məğlubiyyətə bəhanə gətirmək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, “Barselona” El-Klasikodan əvvəl Çempionlar Liqasının əsas mərhələsində PSJ-yə 2:4 hesabı ilə uduzub. Madrid təmsilçisi ilə görüşdəki məğlubiyyət isə Kataloniya klubunun La Liqadakı məğlubiyyətsiz seriyasına son qoyub.
