“Çikaqo Fayr”ın hücumçusu Robert Levandovski futbol üzrə “Qızıl top” mükafatına əsas namizədlərlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, əvvəllər “Barselona” və “Bavariya”da çıxış etmiş polşalı futbolçu Lamin Yamalın mükafatı qazanmasını istədiyini söyləyib. O, həmçinin Münhen klubunun futbolçuları Harri Keyn və Maykl Olisenin çıxışını yüksək qiymətləndirib.
“Əlbəttə, mən Laminin “Qızıl top”u qazanmasını istəyirəm. O, xüsusilə yaşını nəzərə alsaq, möhtəşəm futbolçudur.
Harri Keyn “Bavariya”ya karyerasının ən yaxşı dövründə gəldi. Onun etdikləri, vurduğu qolların sayı inanılmazdır. Mən gedəndən sonra “Bavariya”nın məhz belə hücumçuya ehtiyacı var idi. İndi komanda onunla çox yaxşı çıxış edir.
Olise haqqında isə yalnız bir söz deyə bilərəm: “Vau!” O, oyunun gedişini dəyişə bilən futbolçudur. Məncə, Keyn, Olise və Diasın qarşılıqlı anlaşması, birgə fəaliyyəti ideal uyğunluq yaradır.
Ötən mövsüm göstərdikləri oyuna baxanda “Bavariya”nın çatışmayan yeganə uğuru Çempionlar Liqasının kuboku idi. Əgər onlar ötən il bu turniri qazansaydılar, yəqin ki, bu, bizim 2020-ci ildə hər şeyi qazandığımız mövsümlə müqayisə olunardı. Çünki həqiqətən möhtəşəm oynayırdılar.
Bundesliqa mənim orada çıxış etdiyim dövrlə müqayisədə son bir-iki ildə bir qədər dəyişib. Məsələn, “Bavariya”nın “RB Leypsiq”i 6:1 hesabı ilə məğlub etməsinə baxsaq, bu, çempionat üçün bəlkə də ideal vəziyyət deyil. Amma “Bavariya”nın inkişafı heyrətamizdir. Bu komandadan öyrəniləcək çox şey var və başqaları da onu nümunə götürə bilərlər.
Olisenin böyük gələcəyi var. Bilirəm, hamı Lamindən danışır, amma mən bəzən hələ hər kəsin diqqətini çəkməyən başqa futbolçuları da görməyə çalışıram.
Düşünürəm ki, Olise dünya çempionatında bir-iki qol vursaydı, o da Lamin və Harri Keyn kimi “Qızıl top”un əsas namizədlərindən birinə çevrilərdi. Onun qərarları mükəmməldir. Nə vaxt qapıya zərbə endirmək, nə vaxt ötürmə vermək və hansı ötürməni seçmək lazım olduğunu çox yaxşı bilir.
Laminin oyununu izləməkdən böyük zövq alıram, amma Oliseni də eyni həvəslə izləyirəm. Onların necə oynadığını görmək xoşuma gəlir”, - deyə Levandovski bildirib.
