PSJ zədələnən Xviça Kvaratsxeliyanı əvəzləmək üçün Leverkuzen “Bayer”inin futbolçusu İbrahim Mazanı transfer etməyi planlaşdırır.
İdman.Biz "Goal" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Buna səbəb Kvaratsxeliyanın Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” ilə keçirilən və PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi oyunda ağır zədə almasıdır. Gürcüstanlı futbolçunun dizinin çarpaz bağı qopub və onun mövsümün qalan hissəsini buraxacağı ehtimal edilir.
Məlumata görə, İbrahim Maza PSJ-nin baş məşqçisi Luis Enrikenin tələblərinə cavab verir. Lakin Fransa klubu transferi reallaşdırmaq üçün ən azı 50 milyon avro (təxminən 99 milyon manat) təklif etməlidir.
20 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin “Arsenal” və “Tottenhem” klubları da maraqlanır.
Maza cari mövsümdə “Bayer”in heyətində bütün turnirlər üzrə doqquz oyuna çıxıb, üç qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Onun Almaniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
