“Barselona” debüt etməyən futbolçusu ilə müqaviləni uzatmaq istəyir

22 Oktyabr 2026 23:08
103
“Barselona” debüt etməyən futbolçusu ilə müqaviləni uzatmaq istəyir

“Barselona” əsas komandasında hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçisi Brayan Farinyasla müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

İdman.Biz Catalunya Radio-ya istinadən xəbər verir ki, La Liqa çempionu 20 yaşlı futbolçunun 2028-ci ilin iyununda başa çatacaq müqaviləsini daha bir və ya iki il müddətinə uzatmağı nəzərdən keçirir.

Kataloniya təmsilçisi eyni zamanda Farinyasın maaşının artırılmasını və müqaviləsindəki sərbəstqalma məbləğinin yüksəldilməsini müzakirə edir.

Gənc yarımmüdafiəçi mövsümöncəsi hazırlıq dövründə uğurlu çıxışı ilə baş məşqçi Hans-Diter Flikin diqqətini çəkib. Bunun nəticəsində o, əsas komandaya yüksəldilib. Lakin Farinyas hələ rəsmi matçlarda meydana çıxmaq imkanı qazanmayıb.

Futbolçunun oyun praktikasından məhrum qalması davam edərsə, yanvar ayında onun gələcəyi ilə bağlı vəziyyət yenidən gündəmə gələ bilər.

Qeyd edək ki, Brayan Farinyas 2018-ci ildə “Vilyarreal”ın akademiyasından “Barselona”ya keçib. O, 2026-cı ilin sentyabrında əsas komandanın heyətinə daxil edilib.

İdman.Biz